- 13:11
Hazırda Azərbaycanda ən azı üç dil bilən vəkil tapmaq olmur.
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanda qadın vəkillərə ehtiyac var: "Hazırda ölkədə 2800-dən çox vəkil mövcuddur. Bu gün Azərbaycanda hər 100 min nəfərə 28 vəkil düşür. Ölkəmizdə vəkillərin sayı digər ölkələrdə müqayisədə azdır. Hüquq fakültəsindən məzun olan qadınların sayı çox olsa da, ancaq onlar müxtəlif səbəblərdən işləmirlər. Bu gün Azərbaycanda qadın vəkillər cəmi 22 % təşkil edir".
A.Bağırov bildirib ki, hüquq fakültəsindən məzun olanların bilik səviyyəsi və hazırlığı yaxşı deyil: "Onların natiqlik qabiliyyəti aşağı səviyyədədir. Zənnimcə, başqa ölkələrdə də uğurla fəaliyyət göstərəcək hüquqşünaslar yetişdirməliyik. Bu gün Azərbaycanda hüquq fakültəsindən məzun olanlar xaricdə fəaliyyət göstərə bilmir. Çünki dil bilgiləri yoxdur. Hazırda ən azı üç dil bilən vəkil tapmaq olmur".
Mənbə: Report