- 12:27
Vəkil Xəyal İbrahimov peşə fəaliyyətini həyata keçirərkən hücuma və təhqirlərə məruz qalıb.
Bu barədə vəkil e-huquq.az-a açıqlamasında məlumat verib.
O, Şəki Rayon Məhkəməsində baxılan mülki iş üzrə iddiaçının nümayəndəsi qismində iştirak edərkən məhkəmə prosesində və sonrasında hücuma və təhqirə məruz qaldığını bildirib.
Vəkilin sözlərinə görə, məhkəmə iclasında ekspert rəyinə münasibət bildirərkən iş üzrə cavabdeh hakimdən icazə almadan aqressiv formada onun çıxışına müdaxilə edib. Həmin şəxs vəkili hədələyərək “sən görəcəksən”, “rəhbərliyinə şikayət vermişdim, qorxurdun” kimi ifadələr işlədib. Hakim məhkəmə iclasında qaydanı pozmamağı tələb etdikdən sonra cavabdeh məhkəmə zalını tərk edib.
X.İbrahimov bildirib ki, cavabdeh məhkəmənin koridorunda gözləyib və hazırlıq iclası bitdikdən sonra vəkil və müvəkkili zaldan çıxarkən onun ünvanına nalayiq ifadələr işlədib.
Vəkil etiraz edərək danışığına diqqət etməsini tələb etdikdə, qarşı tərəf onun üzərinə hücum çəkib, yenidən təhqir edib.
Onun sözlərinə görə, həmin şəxsin vəkili və həyat yoldaşı müdaxilə edərək qarşıdurmanın qarşısını alıblar. Daha sonra isə həmin şəxs məhkəmə binasında ictimai qaydanı kobud surətdə pozaraq təhqirlərini davam etdirib.
Vəkil hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib.
X.İbrahimov əlavə edib ki, həmin şəxs əvvəllər də onun barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının elektron poçt ünvanına şikayət göndərib və müraciətdə həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən ifadələr işlədib.
Onun sözlərinə görə, cavabdeh müxtəlif instansiyalara müraciətlərində məhkəmənin hakimini də “qara işlərlə” məşğul olmaqda ittiham edib. Hazırda müvafiq iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır və həmin şəxs tərəfindən müxtəlif qurumlara şər-böhtan xarakterli şikayətlər göndərilməkdə davam edir.
Vəkil baş vermiş hadisələrə hüquqi qiymət verilməsi, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq həyatının, sağlamlığının, mənzilinin və əmlakının toxunulmazlığı ilə bağlı təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi məqsədilə aidiyyəti orqanlara müraciət edib. Onun sözlərinə görə, Şəki Rayon Prokurorluğu faktla bağlı cinayət işi açılmasını rədd edib. Vəkil hesab edir ki, istintaq orqanı Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulam “müdafiəçi” sözünü yalnız cinayət işləri üzrə müdafiəçi qismində çıxış edən şəxslərə aid etməklə əmələ düzgün hüquqi qiymət verməyib. Onun fikrincə, maddədə prokuror, müstəntiq, təhqiqatçı, müdafiəçi, ekspert, icra məmuru və onların yaxın qohumlarının qeyd olunması həmin şəxslərin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən subyektlər kimi qorunduğunu göstərir və vəkillərin fəaliyyətinin yalnız cinayət işləri ilə məhdudlaşdırılması hüquqi baxımdan düzgün yanaşma deyil. Vəkil bildirib ki, baş vermiş əməl onun konkret prosesdə hansı statusda iştirak etməsindən asılı olmayaraq peşə fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və vəkillərin hüquq və təminatları müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Qeyd edib ki, verilmiş növbəti şikayətə baxılması 19.02.2026-cı il tarixinə təyin edilib. İclasda vəsatət qaldırılaraq Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” anlayışına şərh verilməsi xahiş olunub. Şəki Rayon Məhkəməsinin hakimi Azər Mövlayev vəsatəti təmin edib.
X.İbrahimov bildirib ki, məsələ vəkilliyin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. O, göstərilən dəstəyə görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırova təşəkkürünü ifadə edib.