- 10:59
21 fevral 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Sübutlar və sübuetmə” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış, vəkillik institutunun hüquqi əsaslarını və praktik fəaliyyətini əhatə edən “Vəkillik fəaliyyəti” adlı dərslik iştirakçılara təqdim olunub.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Bonafide” Hüquq Şirkətinin idarəedici partnyoru Arif Əyyubov sübutların formaları, sübutun təqdim edilməsi qaydası, sübutların keyfiyyətinin yoxlanılması, mübahisəli hallarda sübutetmə qaydası, sübutetmə standartları və digər əlaqəli məsələlər üzrə ətraflı çıxış edib.
İnteraktiv formada davam edən təlimdə müxtəlif kazuslar birgə müzakirə olunub.
Əyani qaydada təşkil olunmuş təlimdə Vəkillər Kollegiyasının 63 üzvü iştirak edib.