“Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə növbəti təlim təşkil edildi - FOTO


  • 10:59

21 fevral 2026-cı il tarixində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə “Banklarda sığorta hadisəsinin baş verməsinin hüquqi nəticələri və mübahisələrin praktik həlli” mövzusunda əyani qaydada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və layihə üzrə keçirilən təlimlərin, o cümlədən təlim mövzusunun gənc hüquqşünaslar üçün əhəmiyyəti barədə danışıb.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, gənc hüquqşünaslar jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.

“Vəkildən gənc hüquqşünasa” layihəsinin rəhbəri Vəkillər Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova çıxış edərək layihə ilə bağlı iştirakçılara bəzi məlumatlar verib. Bildirilib ki, layihənin əsas məqsədi gənc hüquqşünasların bilik və bacarıqlarını təkmilləşdirməklə onların hüquqi biliklərinin istər nəzəri, istərsə də praktiki cəhətdən inkişafına zəmin yaratmaqdır.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvləri, Əmanətlərin Sığortalanması Fondunun baş hüquqşünasları Vəfa Qədirova və Misirə Xəlilzadə banklarda əmanətlərin sığortalanması sisteminin hüquqi əsasları, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyət mexanizmi, sığorta hadisəsi zamanı əmanətçilərin hüquq və vəzifələri, sığorta məbləğinin, həmçinin faizlərin hesablanması qaydası haqqında geniş çıxış edib.

Sonda təlimçilər tərəfindən iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 16 gənc hüquqşünas iştirak edib.

Oxşar xəbərlər