- 23 Fevral 18:44
23-24 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti, Avropa İttifaqı və Avropa Şurası (Bakıdakı Ofisi) ilə birgə əməkdaşlıq çərçivəsində “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” layihəsi üzrə “Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda iki günlük seminar keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Avropa Şurasının ekspertləri Ramandip Kaur Çina və Andrea Qarzon tərəfindən aparılan seminarın əsas məqsədi vəkillərin pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı beynəlxalq standartlar və tələblər üzrə bilik səviyyəsinin artırılması, risklərin müəyyən edilməsi və qarşısının alınması mexanizmləri barədə məlumatlılığın gücləndirilməsi olub.
Seminarın açılış mərasimində çıxış edən Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov iştirakçıları salamlayıb, Avropa Şurasının Azərbaycana dair Fəaliyyət Planı çərçivəsində görülən işlərə toxunub. Sədr müavini son illərdə Vəkillər Kollegiyasının Tədris Mərkəzində kibercinayətkarlıq, insan alveri, uşaqların onlayn cinsi istismarı, Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi, gender əsaslı zorakılıq, məlumatların mühafizəsi və digər istiqamətlər üzrə 50-dən artıq təlim keçirildiyini və 900-dən çox vəkilin cəlb olunduğunu diqqətə çatdırıb. Eyni zamanda bildirilib ki, Vəkillər Kollegiyası Avropa Şurasının Bakı Ofisi və Ədliyyə Akademiyası ilə birgə ifadə azadlığı, gender bərabərliyi, şəxsi həyatın gizliliyi və başqa mövzularda ixtisasartırma kursları da təşkil edib. Bununla yanaşı, aztəminatlı və hüquqi maarifləndirilməyə ehtiyacı olan şəxslərə dəstək məqsədilə vəkillər 104-dən çox ödənişsiz hüquqi yardım aksiyası keçiriblər.
Seminarın əhəmiyyətini vurğulayan Aydın Axundov qeyd edib ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Vəkillər Kollegiyası tərəfindən illik İş Planı təsdiq edilib. Kollegiya həmin İş Planına uyğun olaraq Maliyyə Monitorinq Xidməti ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Tədris Mərkəzində mütəmadi olaraq vəkillər üçün “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn öhdəliklər, riayət edilməli əsas məqamlar, institusional risklər anlayışı, bu risklərin başa düşülməsi, müntəzəm qiymətləndirilməsi metodları və azaldılması mexanizmləri ilə bağlı təlimlər təşkil olunur.
Seminar çərçivəsində iştirakçılar interaktiv müzakirələrdə, praktiki işlərdə və situativ analizlərdə iştirak edərək mövzu üzrə biliklərini dərinləşdiriblər. Həmçinin müasir yanaşmalar, beynəlxalq təcrübə və hüquqi tənzimləmə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, seminarda Vəkillər Kollegiyasının 60 üzvü iştirak edib.