Naxçıvanda vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib - FOTO


  • 15:35

Martın 2-də Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkillər və namizədlər iştirak ediblər.

Mərasim Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti ilə başlayıb və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında davam etdirilib.

Sonra tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

Naxçıvan MR Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb, namizədləri təbrik edib, Naxçıvanda vəkilliyin tarixindən və son illər görülən işlərdən danışıb.

Vüsal Həsənov bildirib ki, Azərbaycan Respublikasında vəkillik institutu yeni mərhələyə 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbul olunması ilə qədəm qoyub. Bu Qanun əsasında ölkə üzrə vahid və müstəqil vəkillik institutu yaradılıb, o cümlədən Naxçıvan Muxtar Respublikasında da vəkillərin fəaliyyətini əlaqələndirən qurum təsis edilib. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası 2008-ci ilədək Hüquq Məsləhətxanası kimi fəaliyyət göstərib.

Diqqətə çatdırılıb ki, 08 yanvar 2008-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilmiş və bununla da Kollegiya rəsmi olaraq təsis olunub. Həmin Qanunun 2-ci maddəsinin I hissəsinə və Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanun 9-cu maddəsinin VI hissəsinə əsasən, 9 aprel 2008-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında faktiki fəaliyyət göstərən 8 vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası təsis edilib. Naxçıvan Muxtar Respublikasında vəkillik fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqından Qanunları təşkil edir.

Qeyd edilib ki, 2008–2023-cü illərdə 15 il ərzində vəkilliyə qəbulla bağlı 3 dəfə, 2023-cü ildən indiyədək - 3 il ərzində isə vəkilliyə qəbulla bağlı 5 dəfə test imtahanı keçirilib. 2023-cü ildən bu günədək 62 namizəd Naxçıvan Muxtar Respublikasında vəkil olmaq üçün imtahanlarda iştirak edib. 2023-cü ilədək Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının 16 üzvü vəkil kimi fəaliyyət göstərmişdir. 2026-cı ildə üzvlərin sayında 100 faizdən artıq artım baş verib və vəkillərin sayı 37 nəfərə çatıb.

Sədr vurğulayıb ki, 2023-cü ildən bu günədək fəaliyyəti dayandırılmış 5 vəkilin fəaliyyəti bərpa olunub, 1 vəkil isə vəfat edib. Hazırda 4 vəkil namizəd vəkil andı içdikdən sonra Kollegiyanın üzvlüyünə qəbul olunub. Bununla da üzvlərin sayı 41 nəfərə çatıb.

Nəzərə çatdırılıb ki, hər il müntəzəm olaraq vəkilliyə qəbulla bağlı müsabiqə elan edilir və namizədlər üçün test imtahanı keçirilməkdədir. Vəkilliyə qəbulla bağlı sənəd qəbulu prosesi davamlı xarakter daşımaqdadır. 2023-cü ilədək Kollegiyanın tərkibində yalnız 1 büro fəaliyyət göstərmişdirsə, 2023-cü ildən etibarən isə 4 vəkil bürosu fəaliyyət göstərir.

Həmçinin Vüsal Həsənov qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqında” Qanuna 29 dekabr 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Vəkillərin İxtisas Komissiyasının tərkibi genişləndirilib və komissiyanın 7 üzvdən – 5 vəkil, 1 hakim və 1 hüquqşünas alimdən ibarət olması müəyyən edilib.

Sədr vurğulayıb ki, 2017-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın sədri seçildikdən sonra Kollegiyada islahatlara və inkişafa mühüm təsir etmişdir. Artıq Vəkillər Kollegiyası tək Bakı şəhərində deyil, ölkəmizin hər şəhərində, rayonunda qurum olaraq fəaliyyət göstərməklə öz inkişaf dövründə yaşamağa başlamışdır.

Daha sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olmuş 4 namizədin andiçmə mərasimi keçirilib.

Yekunda and içən vəkillərə vəkil vəsiqələri və döş nişanları təqdim edilib.

Oxşar xəbərlər