“Beynəlxalq kommersiya arbitrajı” mövzusunda kursa start verildi - FOTO


  • 11:08

2026-cı il martın 7-də Vəkillər Kollegiyasının üzvləri üçün “Beynəlxalq kommersiya arbitrajı” mövzusunda çoxgünlük kursa start verilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Kursun ilk günündə açılış nitqi ilə çıxış edən Kollegiyanın Tədris Mərkəzinin direktoru Əmir Əliyev iştirakçıları salamlayıb və təlim kursunun işinə müvəffəqiyyətlər arzu edib. İştirakçıların nəzərinə çatdırılıb ki, bu kurs “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16-1-ci maddəsinə uyğun olaraq vəkillərin peşə hazırlığı və ixtisaslarının artırılması məqsədilə tədris tədbiri kimi nəzərdə tutulub.

Çıxış edən Kollegiyanın Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova 7 mart - 9 may tarixlərini əhatə edən kurs müddətində iştirakçılar üçün arbitraj hüququnun aktual məsələlərinə həsr olunmuş mühazirə və müzakirələrin təşkil ediləcəyini bildirib.

Kursun proqramına uyğun olaraq, ilk gün təlimçi qismində çıxış edən Bakı Arbitraj Mərkəzinin İdarə heyətinin üzvü, Almaniyanın Martin Lüter adına Halle–Wittenberg universitetinin professor Azər Əliyev “Arbitraja giriş. Arbitraj sazişləri” mövzusunda geniş təqdimatla mövzunun ətraflı izahını verib.

Mövzu üzrə müxtəlif suallar müzakirəyə çıxarılıb, iştirakçılarla birlikdə interaktiv formada təhlil edilərək fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu kurs ABŞ-nin Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” (“CLDP”), Bakı Arbitraj Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində, CLDP-nin maliyyə dəstəyi ilə həyata keçirilir.

Təlim kursu müddətində Kollegiyanın 45 üzvü iştirak edəcəkdir.

Oxşar xəbərlər