- 13:05
"Məhkəmə hüquq sisteminin təkmilləşməsi və aparılan islahatlar çərçivəsində vəkillik təsisatı da müasirləşir, inkişaf edir və genişlənir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib.
"Artıq ənənəvi olaraq növbəti təntənəli andiçmə mərasimi keçirildi. 50 nəfər vəkilliyə namizəd bütün mərhələləri uğurla keçərək vəkilliyə qəbul olublar. Bugündən etibarən ölkədə vəkillərin sayı ilk dəfə olaraq 2 867 nəfər olacaq", - deyə o vurğulayıb.
Sədr xatırladıb ki, bir neçə il əvvəl ölkədə vəkillərin sayı cəmi 800 nəfər idi, yəni bu rəqəm üç dəfədən çox artıb. Eyni zamanda, vəkillər arasında xanımların payı artıq 22%-ə çatıb ki, əvvəllər bu rəqəm 20%-dən xeyli aşağı idi: "Zənnimcə, bu sahədə gender bərabərliyi tədricən təmin olunur".
A.Bağırov deyib ki, əsasən gənc hüquqşünaslardan ibarət olan namizədlər vəkilliyin gənc kadrlar arasında böyük marağa səbəb olduğunu göstərir.
O əlavə edib ki, Vəkillər Kollegiyası artıq ölkədə peşəkar hüquqşünasları birləşdirən ən iri təşkilata çevrilib: "Yaxın zamanlarda vəkillərin sayı 3 mini keçəcək. Vəkillər Kollegiyasında vəkil köməkçiləri və digər əməkdaşları da nəzərə alsaq, burada 4 mindən çox insan fəaliyyət göstərir".
Sədr vurğulayıb ki, Vəkillər Kollegiyası məhkəmə-hüquq islahatlarında önəmli rol oynayır. "Yeni hakim korpusunun əsas kadr bankına çevrilmişik. 3 mart 2026-cı il tarixli Cənab Prezidentin sərəncamı ilə hakim vəzifəsinə təyin olunan 32 nəfərdən 12-si Vəkillər Kollegiyasının üzvüdür. Vəkillərimizin məhkəmə hakimiyyətində təmsil olunmasını alqışlayırıq və hesab edirik ki, vəkillik burada öz önəmli rolunu davam etdirəcək".
Şəbnəm Mehdizadə