- 16:13
“Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbdə səyyar hüquqi yardım aksiyası keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Aksiya çərçivəsində Tovuz rayon Vəkil Bürosunun vəkilləri tərəfindən vətəndaşlara səyyar hüquqi xidmətlər göstərilib, hüquqi məsləhətlər verilib, ərizə və şikayətlərin tərtibində praktiki dəstək təqdim olunub, müraciətlərin hüquqi qiymətləndirilməsi aparılıb və ailə, əmək, sosial təminat, mənzil-kommunal və mülki münasibətlər kimi mövzular üzrə məlumat verilib.
Qeyd edək ki, layihənin məqsədi Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində hüquqi yardıma ehtiyacı olan aztəminatlı vətəndaşlara ödənişsiz ilkin hüquqi yardımın göstərilməsi, onların hüquqi savadlılığının artırılması və müraciətlərin erkən mərhələdə həllinə şərait yaratmaq olub.