- 15:23
18-19 mart 2026-cı il tarixlərində Fransanın paytaxtı Paris şəhərində Avropa Vəkillər Kollegiyaları Federasiyası (FBE) tərəfindən “Qadın liderlər – hüquq, biznes və dövlət sektoru sammiti” mövzusunda qadın liderliyinə həsr olunan beynəlxalq tədbir keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Hüquq, biznes və dövlət sektorunda fəaliyyət göstərən qadın liderləri bir araya gətirən nüfuzlu sammitdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Qadın Vəkillər Alyansının üzvü Mehriban Məmmədova iştirak edib. Həmçinin tədbirə müxtəlif ölkələri təmsil edən hüquqşünaslar, vəkillər, hakimlər və beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Sammitin əsas məqsədi qadın hüquqşünaslar arasında beynəlxalq əməkdaşlığın təşviqi, şəbəkələşmə imkanlarının genişləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin aparılması və gələcək qadın liderlərin formalaşmasına dəstək göstərilməsi olub.
Açılış mərasimində Paris şəhərinin meri Anne Hidalgo, FBE-nin prezidenti Michael Griem və Paris Vəkillər Kollegiyasının rəhbəri Julie Couturier çıxış edərək qadınların hüquq sahəsində artan rolunu, liderlik potensialını və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Konfrans çərçivəsində Mehriban Məmmədova beynəlxalq təşkilatların nümayəndələri ilə bir sıra ikitərəfli görüşlər keçirib, hüquq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, təcrübə mübadiləsi və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb.