Vəkillərə “Dövlət hesabına hüquqi yardımın praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirildi - FOTO


  • 10:27

Cari il aprel ayının 11-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət hesabına hüquqi yardımın praktiki tətbiqi məsələləri” mövzusunda hibrid formada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlimin işinə uğurlar arzulayıb. Xüsusi vurğulanıb ki, bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxil olan ilk təlimdir.

Təlim mövzusunun vəkillərin praktiki fəaliyyətində əhəmiyyəti barədə danışan professor bildirib ki, dövlət hesabına hüquqi yardımın praktiki tətbiqi cəmiyyətdə sosial ədalətin təmin olunmasında mühüm rol oynayır.

Əvvəlcə iştirakçılara mövzu üzrə müvafiq proqram və cavablandırılması tələb olunan təlim sualları, həmçinin stolüstü oxu materialları paylanılıb.

Sonra Vəkillər Kollegiyası Hüquqi Yardım Mərkəzinin direktoru Afət Qaziyeva və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev vəkillərin dövlət hesabına hüquqi yardım göstərməsi sahəsində praktiki fəaliyyəti, aztəminatlı şəxslərin hüquqlarının müdafiəsində vəkillərin rolu, vəkillərin etik davranış qaydalarına riayət etməsi ilə bağlı praktiki fəaliyyət, o cümlədən hüquqi yardımın keyfiyyətinin təmin olunmasında vəkillərin peşə məsuliyyəti barədə geniş çıxış edib.

Təlimçilər tərəfindən mövzu üzrə mövcud təcrübədə olan problemlər barədə fikir mübadiləsi aparılıb.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin mövzu üzrə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 112 vəkil distant, 24 vəkil əyani qaydada olmaqla, ümumilikdə Vəkillər Kollegiyasının 136 üzvü iştirak edib.

Oxşar xəbərlər