- 14 Aprel 12:05
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən gənc hüquqşünasların vəkillik peşəsinə marağının artırılması və onların peşəkar inkişafının dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə hər il məktəblərdə və ali təhsil müəssisələrində müxtəlif görüşlər, maarifləndirici tədbirlər və müzakirələr təşkil olunur, eyni zamanda, gənclərin praktiki bilik və bacarıqlarının inkişafına yönəlmiş təşəbbüslər həyata keçirilir.
E-huquq.az xəbər verir ki,mövzu ilə bağlı Kollegiyanın mətbuat katibi İsmayıl Nəsibli Azərtac-a açıqlamasında bildirib ki, VK ilə ölkədə hüquq təhsili verən ali təhsil müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumlarına əsasən, tələbələrin vəkil qurumlarında təcrübə keçməsi üçün zəruri şərait yaradılıb. Onun sözlərinə görə, bu əməkdaşlıq gənc hüquqşünasların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə, onların vəkillik peşəsinin mahiyyətini daha yaxından mənimsəmələrinə mühüm töhfə verir.
İsmayıl Nəsibli qeyd edib ki, hüquqşünas tələbələr, eyni zamanda, VK Rəyasət Heyətinin dəstəyi ilə həm ölkədaxili, həm də beynəlxalq səviyyəli hüquq müsabiqələrində fəal iştirak edirlər. Xüsusilə vurğulanıb ki, ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin Amerika Birləşmiş Ştatlarında keçirilən “Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirakı, o cümlədən Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil edilən “Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası”nın XI və Milli Məhkəmə Müsabiqəsinin XV buraxılışlarının keçirilməsi ilə bağlı hər il kollegiyaya müraciətlər daxil olur: “Kollegiyanın Rəyasət Heyətinin iclaslarında bu müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilir. Son 2 ildə də hər iki ali təhsil müəssisəsinin Hüquq fakültəsi tələbələrinin və ELSA Azərbaycan təşkilatının müraciətləri əsasında onların sözügedən müsabiqələrdə iştirakının təmin edilməsi məqsədilə ümumilikdə 55 min 346 manat məbləğində maliyyə dəstəyi ayrılıb. Cari ilin 4 ayı ərzində isə Rəyasət Heyətinin iclaslarında ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin tələbələrinin müsabiqələrdə iştirakı üçün ümumilikdə 28 min 500 manat məbləğində maliyyə dəstəyinin ayrılması qərara alınıb”.
Bununla yanaşı, mətbuat katibi söyləyib ki, VK tərəfindən hər il gənclərin hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələrə, kitab təqdimatlarına və digər təşəbbüslərə həm maliyyə, həm də təşkilati dəstək göstərilir: “Onu da xüsusi ilə vurğulayıram ki, VK hüquqşünas tələbələrin inkişafına ən geniş dəstək göstərən əsas hüquq təsisatlarından biri olaraq bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə davam etdirir”.