Vəkillərə təlim keçirildi - FOTO


  • 11:01

Aprelin 18-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı və sonrakı fəaliyyəti ilə bağlı hüquqi məsələlərdə vəkillərin rolu” mövzusunda hibrid formada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə qeyd olunub ki, bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.

Əvvəlcə iştirakçılara mövzu üzrə müvafiq təlim proqramı və cavablandırılması tələb olunan təlim sualları, həmçinin stolüstü oxu materialları paylanılıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Aytən Abbasova qeyri-kommersiya qurumlarının hüquqi statusunun müəyyən edilməsi mexanizmləri, hüquqi şəxslərin təşkilati-hüquqi formalarının müqayisəli təhlili, qeydiyyatdan imtina hallarının hüquqi əsaslandırılması və mübahisələndirilməsi yolları, o cümlədən qeyri-kommersiya qurumlarının cari fəaliyyətinin hüquqi tənzimlənməsi istiqamətləri barədə geniş çıxış edib.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin mövzu üzrə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 171 vəkil distant, 43 vəkil əyani qaydada olmaqla, ümumilikdə Vəkillər Kollegiyasının 214 üzvü iştirak edib.

Oxşar xəbərlər