- 11:01
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində yeni layihəyə start verib.
E-huquq.az xəbər verir ki, iki qurum arasında imzalanmış əməkdaşlıq haqqında Memoranduma əsasən, həyata keçirilən layihə həmkarlar ittifaqları üzvlərinə pulsuz hüquqi yardımın göstərilməsini nəzərdə tutur.
Layihə çərçivəsində ilkin mərhələdə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən bir qrup həmkarlar ittifaqı üzvünün müraciətləri dinlənilib, onların hüquqi məsələlərə dair sualları ətraflı şəkildə cavablandırılıb.
Eyni zamanda iştirakçılara mövcud qanunvericiliyin tələbləri izah olunub, konkret hallara dair hüquqi yanaşmalar təqdim edilib və mümkün hüquqi müdafiə mexanizmləri barədə tövsiyələr verilib.
Bu əməkdaşlıq həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin daha etibarlı müdafiəsinə, hüquqi maarifləndirmə tədbirlərinin artırılmasına və bu sahədə birgə fəaliyyətin genişləndirilməsinə xidmət edir.
Qeyd edək ki, layihənin ölkənin müxtəlif regionlarında da keçirilməsi planlaşdırılır.