- 11:19
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hüseyn Əliyev İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü (solisitor) seçilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Müvafiq qərar İngiltərə və Uels Hüquq Cəmiyyəti tərəfindən 23 aprel 2026-cı il tarixində qəbul olunub.
Qeyd edək ki, Hüseyn Əliyev 2007-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini, 2009-cu ildə Girnə Amerikan Universitetində Biznesin təşkili ixtisası üzrə magistratura pilləsini bitirib. Daha sonra 2012-ci ildə ABŞ-nin Tuleyn Universitetində Muskie təqaüd proqramı çərçivəsində Beynəlxalq hüquq ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Onun Azərbaycanda 15 ilə yaxın peşəkar iş təcrübəsi mövcuddur. Müxtəlif şirkətlərdə fəaliyyət göstərdiyi dövrdə eyni zamanda Bakı Dövlət Universitetində və Xəzər Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.
Hüseyn Əliyev 2021-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.