Vəkillərə məhkəmə təcrübəsinin tətbiqi ilə bağlı təlim keçirildi - FOTO


  • 09:32

Aprelin 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Ədliyyə Akademiyasında Vəkillər Kollegiyasının üzvləri üçün məhkəmə təcrübəsinin tətbiqi ilə bağlı praktiki təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimin məqsədi konstitusiya şikayətləri vasitəsilə göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması, həmin şikayətlərdə konstitusiya tələbinin hüquqi mahiyyətinin düzgün müəyyənləşdirilməsi və məhkəmələr tərəfindən tətbiq olunan normaların konstitusion-hüquqi mənasının açıqlanmasının təmin edilməsidir.

Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru Əmir Əliyev təlimin Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılovun birgə razılığı ilə təşkil olunduğunu bildirib. Qeyd olunub ki, bu təlim Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilmiş və vəkillərin etik davranış qaydaları və məhkəmə təcrübəsinin tətbiqi ilə bağlı məsələlərə həsr olunan 2 saatlıq icbari tədris proqramına daxildir.

Tədbirdə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri Anar Babayev, Aparat rəhbərinin müavini Ziya Qasımov, Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Rüstəm Səlimov və Konstitusiya Məhkəməsinin Cinayət hüququ şöbəsinin müdiri Tahir Kazımov çıxış edərək hüquqi arqumentasiyanın gücləndirilməsi, məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması və vətəndaşların hüquqlarının daha effektiv müdafiəsi istiqamətində vacib məqamları iştirakçıların diqqətinə çatdırıblar.

Sonda vəkillərin mövzu üzrə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 59 üzvü iştirak edib.

Oxşar xəbərlər