- 11:39
"Bu gün keçirilən yazılı imtahanda vəkilliyə namizəd olan 540 nəfər iştirak edir ki, bu da 2018-ci ildən bəri ən yüksək iştirak göstəricisi kimi diqqət çəkir. Misal üçün, beş ay əvvəl, noyabr ayında keçirilən yazılı imtahanda yalnız 400-dən bir qədər çox namizəd iştirak etmişdi".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasınn sədri Anar Bağırov deyib.
O bildirib ki, namizədlərin sayı bu gün vəkillik peşəsinə olan böyük marağın əyani göstəricisidir. Onun sözlərinə görə, iştirakçıların 71 faizi 40 yaşadək olan gənc hüquqşünaslardır.
Sədr vurğulayıb ki, namizədlər sırasında dövlət qurumlarında fəaliyyət göstərən hüquqşünaslar da yer alır. Belə ki, 540 namizədin 120 nəfəri məhz dövlət qurumlarında işləyən hüquqşünaslardır, onların 60 nəfəri isə hüquq mühafizə orqanları və məhkəmə sistemində fəaliyyət göstərir. Bu da ölkədə vəkillik peşəsinə olan marağın geniş olduğunu göstərir.
O, həmçinin qeyd edib ki, namizədlərin 53 faizi Bakı şəhərini, 47 faizi isə regionları, o cümlədən Naxçıvan Muxtar Respublikası təmsil edir. Sədr bunu müsbət tendensiya kimi qiymətləndirərək bildirib ki, regionlarda vəkillərin sayı Bakı ilə müqayisədə hələ də aşağıdır və bu tarazlığın yaradılması vacibdir.
A.Bağırovun sözlərinə görə, diqqət çəkən digər məqam isə xanım namizədlərin sayının artmasıdır: "Vəkillər arasında gender disbalansı hələ də mövcud olsa da, kişi və xanım namizədlər arasındakı fərq getdikcə azalır"
O vurğulayıb ki, vəkillik sahəsində islahatlar davam edir və yeni nəsil hüquqşünasların iştirakı ilə vəkillik daha da müasirləşir. Sədr bu tendensiyanın çox önəmli olduğunu qeyd edib və islahatların bundan sonra da davam edəcəyini bildirib.
Humay Eminqızı