Turqay Hüseynov: "Test imtahanından uğurla keçən namizədlərin sayı artıb"


  • 11:39

"Bu gün keçirilən imtahanda 540 namizəd iştirak edir. Bir il ərzində Azərbaycanda hüquq fakültələrini bitirərək hüquqşünaslıq ixtisasına yiyələnən şəxslərin sayı 600 nəfərə yaxındır. Bu isə o deməkdir ki, bugünkü imtahanda iştirak edən namizədlər ölkədə hüquq təhsili alan gənc mütəxəssislərin böyük qismini əhatə edir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, vəkillik peşəsinə marağın artmasının əyani göstəricisidir.

T.Hüseynov vurğulayıb ki, yalnız kəmiyyət göstəriciləri deyil, keyfiyyət də əhəmiyyətli dərəcədə yüksəlib. Qeyd edib ki, əvvəlki illərdə imtahandan keçənlərin faizi 25-30% civarında idi, son imtahanda bu göstərici 50%-ə yaxınlaşıb. Bu isə namizədlərin sadəcə imtahan üçün deyil, peşəyə ciddi hazırlaşaraq bu sahədə fəaliyyət göstərmək məqsədilə gəldiklərini göstərir.

Vəkillərin İxtisas Komissiyasının sədri qeyd edib ki, vəkillik peşəsi seçilərkən qazancın əvvəlcədən planlaşdırıla bilməməsi bu sahəni digər peşələrdən fərqləndirir. Buna baxmayaraq, hüquqşünaslar bu peşəni seçir və bunun səbəbi həm peşənin respublika miqyasında nüfuzunun artması, həm də öz sahəsində ixtisaslaşma imkanlarının mövcud olmasıdır.

T.Hüseynov əlavə edib ki, gələcəkdə vəkil öz qazancını tənzimləyə biləcək və müstəqil fəaliyyət göstərmək imkanı qazanacaq. Dövlət qulluğunda olmadığı üçün əvvəlcədən maddi gözlənti müəyyən etmək mümkün deyil, lakin namizədlər bunu nəzərə alaraq, peşəni seçir və imtahanda iştirak edirlər. Bu isə vəkillik peşəsinə marağın həm məqsədyönlü, həm də peşəkarlıqla bağlı olduğunu təsdiqləyir.

Humay Eminqızı

Oxşar xəbərlər