- 14:50
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının Hüquq klubunun təşəbbüsü ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun “Vəkillik institutunun rolu və tələbələr üçün imkanlar” mövzusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavrlarla görüşü keçirilib.
E-huquq.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan DİA-nın rektorunun müşaviri Zaur Məmmədov Vəkillər Kollegiyasının sədri Anar Bağırovu salamlayaraq tədbirin əhəmiyyətini vurğuladı, bu kimi tədbirlərin tələbələrdə peşəkar dünyagörüşünün formalaşması və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. O həmçinin bildirdi ki, Respublikada yüksək nəticə göstərən hüquqşünas tələbələrin məhz Dövlət İdarəçilik Akademiyasını seçməsi Akademiyada hüquq təhsilinin keyfiyyətinin və peşəkar kadr hazırlığı ənənələrinin göstəricisidir.
DİA-nın “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının müdiri Mehdi Abdullayev vəkillik institutunun hüquqi dövlətin inkişafında əhəmiyyətli yer tutduğunu bildirib, vəkil peşəsinin insan hüquq və azadlıqlarının müdafiəsində mühüm missiya daşıdığını qeyd edib. O, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki hüquqi bacarıqlar əldə etməsinin vacibliyini xüsusi vurğulayıb, hüquq sahəsində peşəkar və milli dəyərlərə sadiq kadrların hazırlanmasının DİA-nın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.
Tədbirin qonağı, Kollegiyanın sədri Anar Bağırov geniş nitqlə çıxış edərək ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində aparılan müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub.
Anar Bağırov çıxışında vəkil peşəsinin cəmiyyət üçün əhəmiyyətindən, hüquqi maarifləndirmənin artırılması istiqamətində görülən işlərdən və gənc hüquqşünasların peşəkar inkişafı üçün həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, VK tərəfindən tələbələrin təcrübə proqramlarına cəlb olunması, hüquqi təlimlərin təşkili və peşəkar fəaliyyətə hazırlıq istiqamətində mühüm addımlar atılır.
İnteraktiv formatda keçirilən görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, hüquq təhsili, vəkilliyə qəbul prosedurları, etik prinsiplər və gələcək karyera imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
Səmimi və interaktiv formada keçən tədbirdə tələbələr belə görüşlərin onların nəzəri biliklərinin zənginləşdirilməsi və praktiki hüquqi bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını ifadə ediblər.