- 10:28
Mayın 6-da Türkiyənin İstanbul şəhərində ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) tərəfindən İstanbul Arbitraj Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Mübahisələrin alternativ həllində qlobal kollokvium: institutlar və məhkəmələr arasında əməkdaşlıq” mövzusunda beynəlxalq tədbir keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından bildirilib.
Mərasimdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri - Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova və həmin Komitənin üzvü Əfqan Baxışov iştirak ediblər.
Tədbir çərçivəsində mübahisələrin alternativ həlli sahəsində institusional əməkdaşlığın gücləndirilməsi, məhkəmələr və arbitraj institutları arasında qarşılıqlı fəaliyyət mexanizmləri, beynəlxalq təcrübə mübadiləsi, habelə vəkillərin və aidiyyəti institutların peşə potensialının inkişafı ilə bağlı aktual məsələlər müzakirə olunub.
Bununla yanaşı, arbitraj sahəsində Vəkillər kollegiyalarının rolu, müasir institusional yanaşmalar, eləcə də hüquqi və institusional mühitin təkmilləşdirilməsi istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin mərasimdə CLDP tərəfindən nəşr edilən və tezliklə geniş ictimaiyyət üçün əlçatan olacaq “Mübahisələrin alternativ həlli: dövlətlər üçün institusional idarəetmə və praktiki yanaşmalar” kitabının təqdimatı keçirilib.