- 9 May 19:53
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) tərəfindən respublika ərazisində pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından bildirilib.
Mayın 8-də Bakı şəhəri “Pro Bono” Vəkil Bürosu, “Prospekt” Vəkil Bürosu, “Prestij” Vəkil Bürosu, Bakı şəhəri 10 saylı Vəkil Bürosu, Bakı şəhəri 13 saylı Vəkil Bürosu, Gəncə Regional Vəkil Bürosu, Şəki Regional Vəkil Bürosu, Şirvan Regional Vəkil Bürosu, Cəlilabad rayon Vəkil Bürosu, İmişli rayon Vəkil Bürosunun vəkilləri və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının üzvləri vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər.
Belə ki, vəkillər tərəfindən 114 vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.