- 12 May 20:55
6-9 may 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) nümayəndə heyəti Türkiyənin İzmir şəhərində Beynəlxalq Hüquqçu Qadınlar Federasiyası (FIFCJ) tərəfindən təşkil olunan beynəlxalq konfransda iştirak edib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
İzmir İqtisad Konqresi binasında keçirilən tədbir “Çoxsaylı böhranlar dövründə süni intellekt və rəqəmsal transformasiyanın qadınların hüquqlara çıxışına təsiri” mövzusuna həsr olunub.
Konfransda Türkiyə, Azərbaycan, Mozambik, Braziliya, Anqola, İspaniya, İtaliya, Pakistan və digər ölkələrdən nümayəndə heyətləri iştirak edərək aktual hüquqi mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin sədri Zübeydə Aksay, İzmir Barosunun sədri Sefa Yılmaz və FIFCJ prezidenti Manoela Gonçalves Silvanın açılış nitqləri ilə başlayıb.
VK Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova açılış çərçivəsində mövzu üzrə çıxış edərək, ölkəmizdə rəqəmsallaşmanın hüquq sahəsində yaratdığı imkanları təqdim edib.
Bundan əlavə, Kollegiyanın İntizam Komissiyasının üzvü Gülşən Salmanova “Süni intellekt və qadınların hüquqlara çıxışı: əlillik və həssas qruplar” mövzusunda keçirilən panel müzakirələrdə çıxış edib. O, rəqəmsal transformasiyanın qadın hüquqşünasların fəaliyyətinə təsiri və Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib.
Panel sessiyalarında süni intellekt texnologiyalarının hüquq sisteminə təsiri, məlumat təhlükəsizliyi, alqoritmik ayrı-seçkilik, miqrasiya, iqtisadi həssaslıq və rəqəmsal platformalarda insan hüquqlarının qorunması kimi aktual məsələlər geniş şəkildə müzakirə olunub.
Konfransın yekununda qəbul edilən “İzmir Bəyannaməsi”ndə süni intellekt sistemlərinin gender baxımından neytral olmadığı, bu səbəbdən hüquqi və institusional çərçivələrin təkmilləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycanın təcrübəsi rəqəmsallaşmanın düzgün tətbiqi nəticəsində qadın hüquqşünasların sayının əhəmiyyətli dərəcədə artmasına nümunədir və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir.
Konfrans beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qadınların hüquqlara çıxışının genişləndirilməsi və rəqəmsal dövrdə hüquqi mexanizmlərin inkişafı baxımından mühüm platforma olub.