- 12 May 14:37
Mayın 12-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin üzvləri ABŞ Ticarət Palatasının Hüquq və Komplayns Komitəsinin təşkilatçılığı ilə “Bizneslə əlaqəli mübahisələrin həlli və qarşısının alınması” mövzusunda keçirilən tədbirdə çıxış ediblər.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından bildirilib.
Tədbir çərçivəsində biznes fəaliyyətindən irəli gələn mübahisələrin həlli, preventiv hüquqi mexanizmlərin tətbiqi və komplayns alətlərinin korporativ idarəetmədə rolu ilə bağlı müzakirələr aparılıb.
Paneldə Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova, Komitənin üzvləri Fuad Qəşəmov, Dünyamin Novruzov və Allahverən Oruclu çıxış ediblər. Tədbir Biznes Hüququ Komitəsinin üzvü Bahar Kavuzovanın moderatorluğu ilə keçirilib.
Müzakirələr zamanı Azərbaycanda kommersiya və biznesyönümlü digər mübahisələrin həlli sahəsində formalaşan hüquqi praktika, biznes subyektlərinin üzləşdiyi əsas hüquqi çağırışlar, məhkəmə təcrübəsində aktual yanaşmalar, eləcə də komplayns mexanizmlərinin hüquqi və əməliyyat risklərinin idarə edilməsində əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlarda biznes və hüquq ictimaiyyəti arasında institusional əməkdaşlığın gücləndirilməsinin, mübahisələrin qarşısının alınmasına xidmət edən daxili idarəetmə və komplayns mexanizmlərinin təkmilləşdirilməsinin, habelə daha sabit, şəffaf və proqnozlaşdırılan hüquqi mühitin formalaşdırılmasının vacibliyi vurğulanıb.
Mərasim iştirakçıları bu kimi peşəkar platformaların hüquqi dialoqun inkişafına, biznes mühitində hüquqi maarifləndirmənin artırılmasına və qabaqlayıcı hüquqi yanaşmaların təşviqinə mühüm töhfə verdiyini qeyd ediblər.