Sona Salmanova vəkillik fəaliyyətinə başladı


  • 11:14

Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.

E-huquq.az-ın məlumatına görə, o, vəkilliyə namizədlərin bu gün keçirilən təntənəli andiçmə mərasimində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.

Qeyd edək ki, S. Salmanova 12 may 1956-cı ildə anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini, 1984-cü ildə Moskva şəhərində hakimlərin ixtisasını təkmilləşdirilmə kurslarını bitirib. 1988-ci ildə SSRİ Ali Məhkəməsində təcrübə keçib. 1979-cu ildən 1980-ci ilədək Bakı şəhər Məhkəməsində məhkəmə iclas katibi, 1980-ci ildən 1983-cü ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun katibi, Ali Məhkəmə Rəyasət Heyəti və Plenumu katibliyinin müdiri olub.

1983-1998-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləyib. 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə və hakim vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə "Əməkdar hüquqşünas" adı verilib.

Prezidentin 27 may 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)” yubiley medalı ilə təltif edilib.

Dövlət başçısının 13 iyul 2023-cü il tarixli sərəncamı ilə Məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Oxşar xəbərlər