Vəkillər Kollegiyasının nümayəndə heyəti Tailandda beynəlxalq konfransda iştirak edib - FOTO


  • 12:23

Mayın 11-12-də Tailand Krallığının paytaxtı Banqkok şəhərində Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA) tərəfindən 6-cı İnsan Hüquqları Konfransı keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) nümayəndə heyəti, VK-nın üzvləri Aysel Məhərrəmova, Aydan Rəhimli və Esmira Tağıyeva iştirak ediblər.

Konfransın əsas mövzusu dünyada insan hüquq və azadlıqlarına qarşı artan təhdidlər, repressiya halları, iqlim dəyişikliyinin hüquqi nəticələri, süni intellekt texnologiyalarının hüquq və ədalət sisteminə təsiri, eləcə də hüququn aliliyi prinsiplərinin qorunması istiqamətində yaranan yeni çağırışlar olub.

Mərasimdə müxtəlif ölkələrdən vəkillər, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edərək aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Konfrans çərçivəsində Kollegiyanın nümayəndə heyəti LAWASIA-nın prezidenti Yap Teong Liang ilə görüş keçirib. Görüş zamanı VK-nın beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi fəaliyyət, xarici hüquq institutları ilə əlaqələrin genişləndirilməsi və Bakıda beynəlxalq hüquq ictimaiyyətini bir araya gətirəcək peşəkar tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Görüş zamanı VK nümayəndə heyəti LAWASIA-nın prezidentini Azərbaycana, o cümlədən Bakı şəhərinə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub və gələcək əməkdaşlıq imkanları ilə bağlı ilkin müzakirələrə başlanacağı bildirilib.

Bundan başqa, nümayəndə heyəti Nepal Vəkillər Assosiasiyasının rəhbərliyi ilə də görüş keçirib. Görüşdə Bakıya rəsmi səfərin təşkili, peşəkar təcrübə mübadiləsi, birgə təlim proqramlarının həyata keçirilməsi və hüquqi layihələrin icrası istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.

Konfransın ilk günündə keçirilən əsas sessiyalarla yanaşı, insan hüquqları və məhkəmələr, ekoloji hüquqlar, yerli xalqların hüquqları, süni intellektin hüququn aliliyinə təsiri, transmilli hüquqi böhranlar və insan hüquqları institutlarının rolu mövzularında paralel panel müzakirələri təşkil edilib.

Tədbirin ikinci günü isə hüquq müdafiəçilərinin fəaliyyəti, müasir köləlik və insan ləyaqətinin qorunması, iqlim dəyişikliyi və insan hüquqları, rəqəmsal dövrdə fundamental hüquqların müdafiəsi, gender ədaləti, dayanıqlı maliyyə və məsuliyyətli biznes kimi aktual məsələlər geniş şəkildə müzakirə olunub.

Konfrans çərçivəsində aparılan müzakirələr vəkillərin insan hüquqlarının müdafiəsində rolunun gücləndirilməsi, beynəlxalq hüquqi standartların tətbiqi, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi və peşəkar əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Səfər müddətində VK nümayəndə heyəti bir sıra digər ölkələrin Vəkillər kollegiyalarının və hüquq təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirib. Görüşlər zamanı beynəlxalq hüquqi təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və hüquq sahəsində yeni təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər