- 11:11
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Muxtar Respublikada vəkillik institutunun inkişafı, vəkillik fəaliyyəti barəsində ətraflı məlumat verib.
- Vüsal müəllim, Naxçıvan Muxtar Respublikasında Vəkillər Kollegiyasının inkişaf yolu barəsində nə deyə bilərsiniz?
- Nəzərinizə çatdırmaq istəyirəm ki, 08 yanvar 2008-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib. Həmin Qanunun 2-ci maddəsinin I hissəsinə və Azərbaycan Respublikası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsinin VI hissəsinə əsasən 9 aprel 2008-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında faktiki fəaliyyət göstərən 8 vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası təsis edilib. Naxçıvan Muxtar Respublikasında da vəkillik fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının “Vəkillik və vəkillik fəaliyyəti haqqında” Qanunu təşkil edir. “Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu ilə tənzimlənməyən vəkillik fəaliyyəti ilə bağlı, o cümlədən vəkillik, vəkilliyin vəzifələri, vəkillik fəaliyyəti, vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları, vəkilliyin rəmzləri, vəkillərin davranış qaydaları, vəkillərin xüsusi geyim formasının təsfiri, vəkillərin peşə hazırlığı və ixtisasının artırılması, vəkil sirri, vəkil etikası, vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi, dövlət hesabına hüquqi yardımın göstərilməsi, vəkillərin pensiya təminatı, əcnəbilər tərəfindən hüquqi yardımın göstərilməsi və digər məsələlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir (“Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunun 11-ci maddəsi). Təsis olunduqdan sonra Naxçıvan MR Vəkillər Kollegiyası üzvlərinin Ümumi Yığıncağı və Rəyasət Heyəti tərəfindən müvafiq olaraq Vəkillər Kollegiyasının Nizamnaməsi, “Vəkillərin İxtisas Komissiyası haqqında” Əsasnamə, “Vəkillərin İntizam Komissiyası haqqında” Əsasnamə, “Naxçıvan MR Vəkillər Kollegiyası üzvlərinin Xidməti vəsiqəsi haqqında” Əsasnaməsi, “Vəkilliyə namizədlərlə ixtisas imtahanlarının keçirilməsi və namizədlərin Vəkillər Kollegiyasının üzvlüyünə qəbulu barədə” Qaydaları və digər sənədlər qəbul edilmiş, Vəkillərin İntizam və İxtisas Komissiyaları yaradılmışdır.
- Naxçıvan MR-da vəkillik institutunun inkişafı ilə bağlı nə kimi addımlar atılır?
- Naxçıvan MR Vəkillər Kollegiyası təsis olunduqdan sonra ilk dəfə 22 dekabr 2008-ci il tarixdə, daha sonra isə 2013, 2014, 2023-cü, 2024, 2025-ci illərdə “Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunun tələblərinə uyğun olaraq kollegiya üzvlüyünə qəbul məqsədilə müsabiqə elan olunub. Hər il müntəzəm olaraq vəkilliyə qəbulla bağlı müsabiqə elan edilir və namizədlər üçün test imtahanı keçirilməkdədir. Vəkilliyə qəbulla bağlı sənəd qəbulu prosesi davamlı xarakter daşımaqdadır. 2008-2023-cü illərdə 15 il ərzində vəkilliyə qəbul ilə bağlı 3 dəfə, 2023-cü ildən 2025-ci ilədək isə vəkilliyə qəbulla bağlı 5 dəfə test imtahanı keçirilib. 2023-cü ildən 2025-ci ilədək 62 namizəd Naxçıvan Muxtar Respublikasında vəkil olmaq üçün imtahanlarda iştirak edib. Azərbaycan Respublikası VK ilə qarşılıqlı şəkildə aparılan müsabiqələrin nəticəsində 3 il ərzində (2023-2026) vəkillərin sayı 18-dən 44 nəfər olub. Qəbuldan yüksək nəticə əldə etmiş bir vəkilimiz millət vəkili seçildiyindən vəkilliyinə xitam verilmiş, bir nəfər isə dövlət qulluğuna keçdiyindən fəaliyyəti dayandırılmış, iki vəkil isə vəfat etdiyindən vəkillik fəaliyyətinə xitam verilib. Hazırda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası 40 vəkil ilə fəaliyyət göstərməkdədir. Qeyd edim ki, 2023-cü ilədək Kollegiyanın tərkibində yalnız 1 büro fəaliyyət göstərmiş, 2023-cü ildən etibarən isə Kollegiyanın tərkibində mütəmadi olaraq bürolar yaradılaraq, 3 vəkil bürosu fəaliyyət göstərməyə başlamışdır. Yaxın zaman da Culfa rayon Vəkil Bürosunun açılışı gözlənilir.
• Naxçıvan şəhər Vəkil Bürosu - 2008-ci ildən Naxçıvan şəhər Hüquq Məsləhətxanası adı ilə fəaliyyətə başlamış, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 29 mart 2023-cü il tarixli, K-02/02 nömrəli qərarı ilə adı dəyişdirilərək Naxçıvan şəhər Vəkil Bürosu adlandırılıb. Hazırda büro 13 vəkil ilə fəaliyyət göstərir.
• Şərur rayon Vəkil Bürosu – 2023-cü ilin ortalarında Şərur şəhərində yaradılıb. Hazırda büro 7 vəkil ilə fəaliyyət göstərir..
• Naxçıvan şəhər ASAN Vəkil Bürosu - 2024-cü ildə Naxçıvan şəhərində yaradılıb. Hazırda burada 11 vəkil fəaliyyət göstərir.
• Culfa rayon Vəkil Bürosu – 2025-ci ildə Culfa şəhərində yaradılıb. Hazırda büroda 9 vəkil fəaliyyət göstərir.
- Siz Kollegiya sədri seçiləndən keçən dövr ərzində Kollegiyada nə kimi dəyişiklər baş verib?
- 2023-cü ilin əvvəlindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun dəstəyi və tapşırıqları sayəsində Naxçıvan MR Vəkillər Kollegiyasının fəaliyyətində köklü dəyişikliklər olub. İlk növbədə Naxçıvan MR Vəkillər Kollegiyası fəaliyyət istiqamətini müəyyən edən müqavilələrin bağlanma forması, orderlərin forma və qurluşu, dövlət hesabına hüququ yardım göstərilməsi nəticəsində hesabatların hazırlanaraq vaxtlı-vaxtında vəkillərə təmin olunması, vəkillərin müstəqil şəkildə fəaliyyət göstərməsi, strukturun müəyyən edilməsi, vəkillərin sosial müdafiəsini formalaşdırmaq üçün tutquların və sair hallar qanunun tələbi çərçivəsinə salınmaqla Kollegiyanın fəaliyyətini qanunların, nizamnamənin, əsasnamələrin tələbinə və qaydalara uyğun fəaliyyət göstərməsi üçün mütəmadiyən nəzarət altında Naxçıvan MR Vəkillər Kollegiyasın Rəyasət Heyyəti say olaraq 10-dan artıq mühüm qərarlar qəbul etmişdir. Həmin qərarlar əsasında Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında tətbiq olunan hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə formasında dəyişiklik edilərək Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23.04.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş forma tətbiq edilib. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında tətbiq olunan orderin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş formada orderlə əvəz edilib, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında verilmiş orderlərə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” Əsasnaməyə 2 saylı əlavəyə uyğun marka tətbiq olunmağa başlayıb, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkillərin hesabatının dəyişdirilərək Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 24.12.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş təlimata 2 saylı əlavəyə uyğun olaraq müəyyən edilmiş hesabat formasına uyğunlaşdırılıb. Anar Bağırovun 2023-cü ilin mart ayında baş tutan səfəri çərçivəsində Heydər Əliyevin 100 illiyi münasibətilə "Müstəqil Azərbaycan Vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans zamanı müstəqil Azərbaycan vəkilliyinin formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilib, vəkillik institutunun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 11 may 2023 -cü il tarixdə Azərbaycan Respublikası Qadın Vəkillər Alyansı və Naxçıvan MR Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda gender bərabərliyinin təminatçısı ulu öndər Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
- Vəkillərin həvəsləndirilməsi həyata keçirilirmi?
-Bəli. Vəkillərimiz barədə həvəsləndirmə tədbirləridə tətbiq edilir. Qüsursuz, uğurlu fəaliyyətlərinə, yubleyləri münasibəti ilə bir sıra vəkillərimiz və əməkdaşlarımız Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyyətinin və Naxçıvan MR Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarları ilə təltif olunub. Bunu vurğulamaq istərdim ki, təəssüflər olsun ki, əvvəlki illərdə vəkillərin həvəsləndirilməsi ilə bağlı heç bir tədbir görülməyib. Vəkillərin mükafatlanması zamanı, vəkillərimizin ictimai fəaliyyəti, Kollegiyanın fəaliyyətində, inkişafında göstərdikləri qayğıları, ictimai borca münasibətləri, Kollegiyanın birliyində rolları, istintaq və məhkəmələrdə davranışları, fəaliyyətləri və sair detallar araşdırılaraq, qiymətləndirilmişdir. Yəni hər kəsi fərdi olaraq nəzərdən keçirilib qiymətləndirilməkdədir.
- Kollegiya olaraq vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində nə kimi addımlar atırsınız?
- Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Naxşıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının maddi bazasının yüksəldilməsi məqsədi ilə bir ədəd FORD markalı mikroavtobus verilib. Həmin nəqliyyat vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının “TƏDBİRLƏR PLANINA” uyğun olaraq regionlarda hüquqi yardıma ehtiyacı olan və vəkilə müraciət etmək imkanı məhdud olan vətəndaşlara hər ay yaşadıqları ucqar rayonlarda vəkillər tərəfindən hüquqi yardım göstərilib.