- 1 İyun 10:28
Cari ilin aprel-may aylarında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Kollegiyanın üzvləri üçün müxtəlif icbari tədris tədbirləri təşkil olunub.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Aprelin 25-də “Vərəsəlik hüququnun aktual problemləri və tətbiq məsələləri” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü, “İsmayılbəyli və partnyorları” Vəkil Bürosunun müdiri Sevinc Əliyeva vərəsəlik hüquq münasibətlərinin subyektləri, ləyaqətsiz vərəsə, vərəsə ola bilməyən şəxslər, qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik, o cümlədən mirasın qəbul edilməsi və ondan imtina, sahə üzrə mövcud problemlər və onların həlli yolları barədə geniş çıxış edib.
Eyni zamanda aprelin 25-də “İnformasiya texnologiyalarının hüquq praktikasına təsiri” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri Nihad Əliyev tərəfindən hüquq praktikasında rəqəmsal transformasiyanın tətbiqi və təsir mexanizmləri, şəxsi məlumatların qorunması, məlumat təhlükəsizliyi üzrə hüquqi öhdəliklər, vəkillərin rəqəmsal bacarıqlarının inkişafı, peşə standartlarına təsiri və digər əlaqəli məsələlər barədə geniş müzakirələr aparılıb.
Mayın 2-də isə “İnzibati icraatın əsasları və prinsipləri” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev inzibati icraatın anlayışı və hüquqi mahiyyəti, inzibati icraatın hüquqi əsasları və normativ bazası, inzibati icraatın əsas prinsipləri, inzibati orqanların qərar qəbul etmə prosedurları, inzibati aktların qəbul edilməsi, qüvvəyə minməsi və ləğvi, inzibati icraatda iştirak edən tərəflərin hüquq və vəzifələri, inzibati icraat zamanı yol verilən tipik pozuntular və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.
Həmçinin mayın 2-də “Mənfəət vergisi, onun hesablanmasının və ödənilməsinin hüquqi əsasları” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Vahid Hacı-zadə tərəfindən mənfəət vergisinin hesablanmasının hüquqi əsasları, mənfəət vergisinin ödənilməsinin hüquqi əsasları, mənfəət vergisini formalaşdıran gəlir və xərclərin qarşılıqlı təhlili, mənfəət vergisinin sahibkarlıq sahəsində rolu, mövcud problemlər və onların aradan qaldırılması yolları üzrə müxtəlif müzakirələr aparılıb.
Mayın 16-da isə "İnsan Hüquqları Aylığı" çərçivəsində “Dövlət hesabına göstərilən hüquqi yardımın praktiki tətbiqi məsələləri” mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə təlimçilər - Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov və Vəkillər Kollegiyası Hüquqi Yardım Mərkəzinin direktoru Afət Qaziyeva dövlət hesabına göstərilən hüquqi yardımın mahiyyəti və əsas xüsusiyyətləri, dövlət hesabına göstərilən hüquqi yardımın təyinatı və hüquqi əsasları, dövlət hesabına göstərilən hüquqi yardımın prinsipləri, vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardımla müqavilə üzrə göstərilən hüquqi yardım arasında ümumilik və fərqlər barədə ətraflı çıxış ediblər.
Bundan başqa, mayın 16-da keçirilən növbəti hibrid təlimdə “Məişət zorakılığı və uşaq hüquqlarının müdafiəsi ilə bağlı işlərdə vəkilin rolu, nəzəri və praktiki problemlər” mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov məişət zorakılığının milli və beynəlxalq hüquqi çərçivəsi, məişət zorakılığının növləri, sübutetmə, test alətləri və meyarları, məişət zorakılığı ilə bağlı şikayət hallarında dövlətin pozitiv öhdəlikləri, müdafiə tədbirlərinin əldə edilməsində mövcud çətinliklər, məişət zorakılığı və ailə mübahisələrinin həllində uşağın mənafeyinin qorunması, uşağın maraqlarına toxunan halların qiymətləndirilməsi meyarları, mediasiya və məhkəmə baxışı zamanı uşağın maraqlarının təmin edilməsi, eləcə də uşağın dindirilməsinin psixoloji aspektləri barədə məruzə ilə çıxış edib.
Eyni zamanda mayın 16-da günün üçüncü təlimində isə "İnsan Hüquqları Aylığı" çərçivəsində təlimçi - Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı “İfadə azadlığının sərhədləri. Vəkilin ifadə azadlığı” mövzusu üzrə təşkil olunmuş distant təlimdə ifadə azadlığı hüququnun anlayışı və beynəlxalq hüquqi əsasları, vəkilin ifadə azadlığı və peşə etikası arasında balans, Avropa İnsan Hüquqları Məhkəməsinin vəkillərin ifadə azadlığı ilə bağlı presedentləri, məhkəmə prosesində vəkilin çıxış sərbəstliyi və məhdudiyyətləri, sosial mediada vəkil davranışı və hüquqi məsuliyyət məsələləri, intizam icraatında vəkilin ifadə azadlığının qiymətləndirilməsi meyarları, məhkəmənin nüfuzu, şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığı arasında balans, vəkillərin peşə fəaliyyətinə müdaxilə halları və hüquqi müdafiə mexanizmləri məsələləri üzrə çıxış edib.
Mayın 23-də isə “Alqı-satqı müqavilələri sahəsində məhkəmə təcrübəsi” mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə Vəkillər Kollegiyasının üzvü Anar Məmişov tərəfindən alqı-satqı müqavilələrinin bağlanması və etibarlılıq şərtləri, alqı-satqı müqavilələrindən irəli gələn hüquq və vəzifələr, alqı-satqı müqavilələrinin etibarsız hesab olunması ilə bağlı məhkəmə təcrübəsi, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı yaranan hüquqi problemlər, ilkin müqavilələr və onların hüquqi nəticələri, vicdanlı əldə edən institutunun tətbiqi ilə bağlı məhkəmə yanaşmaları, mövcud problemlər, məhkəmə təcrübəsində fərqli yanaşmalar və praktiki tövsiyələr barədə müxtəlif müzakirələr aparılıb.
Həmçinin mayın 23-də "İnsan Hüquqları Aylığı" çərçivəsində təşkil olunmuş növbəti hibrid təlimdə “Peşəkar hüquqi yardımın göstərilməsi və hüquqi yazı” mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov vəkil fəaliyyətində ilkin peşəkar bacarıqlar, maddi hüquq normalarının peşəkar şəkildə mənimsənilməsi, prosessual qanunvericiliyin tətbiqi bacarıqları, məhkəmə qərarları ilə işləmə metodikası, hüquq ədəbiyyatı ilə davamlı işləməyin əhəmiyyəti, xarici dil biliklərinin hüquq fəaliyyətində rolu, sosial aktivlik və peşəkar inkişaf, müdafiə strategiyasının qurulması və planlaşdırılması, sübutların toplanılması və rəsmiləşdirilməsi, məhkəmə prosesində taktiki davranış qaydaları barədə geniş məruzə ilə çıxış edib.
Təşkil olunmuş interaktiv təlimlərdə Vəkillər Kollegiyasının 1 638 üzvü iştirak edərək müvafiq sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, bu tədris tədbirlərində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və vəkillər üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.