- 12:29
Mayın 30-da Vəkillər Kollegiyasının Tədris Mərkəzinin təşkilatçılığı ilə Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol xəritəsinə müvafiq olaraq, vəkillər üçün müflisləşmə və sağlamlaşdırma üzrə “Müflisləşmə, onun hüquqi əsasları, nəzəri və praktiki təcrübə” mövzusunda distant formada təlim təşkil olunub.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Təlimdə qeyd olunub ki, bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və Kollegiya üzvləri üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.
Təlimin əsas hissəsində təlimçi qismində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili, Ləğvetmə Agentliyinin direktoru Vüsal Kazımzadə müflisləşmə haqqında qanunvericilik bazası, müflisləşmə prosedurunun hüquqi əsasları, müflisləşmə işlərinə məhkəmə qaydasında baxılması, borclunun müflisləşmə halları, kreditorların hüquq və tələblərinin müdafiəsi, müflisləşmə zamanı əmlak kütləsinin formalaşdırılması, müflisləşmə prosesində inzibatçının səlahiyyətləri, həmçinin müflisləşmə prosesinin mərhələləri, müflisləşmənin başlanma şərtləri, müflisləşmənin hüquqi nəticələri, müflisləşmə və iflas prosedurlarının fərqləndirilməsi barədə ətraflı çıxış edib.
Təlimçi tərəfindən praktikada olan müxtəlif məsələlər müzakirə olunub, vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 123 vəkil iştirak edib.