- 12:08
2026-cı il mayın 30-da Azərbaycan Respublikasının Ali Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maliyyə və təşkilati dəstəyi ilə XV Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Tədbirdə çıxış edən Vəkillər Kollegiyası sədrinin müavini Şahmar Məmmədov Hüquq fakültəsinin tələbələrinin simulyasiya xarakterli məhkəmə proseslərində iştirakının onların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sədr müavini qeyd edib ki, Vəkillər Kollegiyası hüquq təhsili alan gənclərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərə hər zaman xüsusi önəm verir və bu kimi layihələri daim dəstəkləyir. Şahmar Məmmədov hüquqşünas tələbələrin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, onların vəkillik peşəsinə marağının artırılması və hüquqi biliklərinin təkmilləşdirilməsi istiqamətində Kollegiya tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Sədr müavini final mərhələsində iştirak edən bütün komandalara uğurlar arzulayaraq, yarışın iştirakçılar üçün faydalı təcrübə və peşəkar inkişaf baxımından mühüm platforma olacağına əminliyini ifadə edib.
Mərasimdə ELSA Azərbaycanın rəhbəri Tarif Hüseynov çıxış edərək müsabiqənin təşkilində göstərdiyi maddi və təşkilati dəstəyə görə Vəkillər Kollegiyasına minnətdarlığını ifadə edib. Eyni zamanda final mərhələsinin Ali Məhkəmədə keçirilməsinə imkan yaratdığına görə məhkəmə rəhbərliyinə dərin təşəkkürünü bildirib.
Sonra ELSA Azərbaycanın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezidenti Səmayə Abbasquliyeva çıxış edərək iştirakçıları və dəvət olunmuş qonaqları salamlayıb, müsabiqəyə göstərilən marağa və iştiraka görə təşəkkür edib.
Daha sonra səhnələşdirilmiş məhkəmə prosesi keçirilib.
Final mərhələsində hakim qismində Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov, Kollegiyanın üzvləri - Tahir Əliyev və Tanrıqulu Vəliyev iştirak ediblər.
Səhnələşdirilmiş məhkəmə prosesində Bakı Dövlət Universitetinin II kurs tələbələrindən ibarət “Bona Fides” və Milli Aviasiya Akademiyasının II kurs tələbələrindən ibarət “LawLab” komandaları qarşılaşıb. Gərgin və yüksək səviyyəli debatların fonunda keçirilən finalın nəticəsində “Bona Fides” komandasının üzvləri – Məhəmməd Qasımov və Fatimə Məmmədli birinci yerə layiq görülüb. Eyni zamanda Fatimə Məmmədli müsabiqənin “Ən yaxşı natiqi" seçilib.
İkinci yerin sahibi isə “LawLab” komandasının üzvləri - Fatimə Qədirova ilə Leyli Məmmədli olublar.
Müsabiqədə iştirak edən hər iki komandaya pul mükafatları (I yer – 500 AZN, II yer – 250 AZN), sertifikatlar və kuboklar təqdim edilib.
Tədbir çərçivəsində maliyyə və təşkilati dəstəyə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırov ELSA Azərbaycan tərəfindən Təşəkkürnamə ilə təltif edilib. Anar Bağırovun Təşəkkürnaməsi ELSA Azərbaycanın rəhbəri Tarif Hüseynov tərəfindən Kollegiyanın sədr müavini Şahmar Məmmədova təqdim olunub.