- 4 İyun 12:29
“Vəkillər hər bir cəmiyyətdə aparıcı qüvvədir”.
E-huquq.az xəbər verir ki, bunu “Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması” konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov vurğulayıb ki, Azərbaycan Vəkillər Kollegiyası son illərdə güclənmiş, inkişaf etmiş və gəncləşmiş bir təşkilata çevrilib. Həmçinin bildirib ki, Kollegiya elmi dərəcəsi olan hüquqşünasların sayına görə bütün hüquq təşkilatları arasında öndədir.
“Vəkillər Kollegiyası bu gün təxminən 3 000 hüquqşünası birləşdirən ölkənin ən iri peşəkar hüquq birliklərindən biridir. Bizdən böyük bir birlik yoxdur. Müstəqil qeyri-dövlət təşkilatı olmamıza baxmayaraq, həm Azərbaycan dövləti, həm dövlət təşkilatları, həm də qeyri-dövlət sektoru Kollegiyaya böyük hörmətlə yanaşır. Kollegiya vətəndaş cəmiyyətində mühüm rol oynayır və artıq öz yerini tutub” , - deyə o qeyd edib.
A.Bağırov çıxışında Azərbaycanda hüquqşünasların sayının azlığı ilə bağlı problemi yenidən gündəmə gətirib.
““PAŞA Holdinq” tərəfindən təşkil olunan “Legis Hüquq Forumu”nda çıxışım zamanı mən hüquq təhsili ilə bağlı müəyyən fikirlər səsləndirdim. Bu fikirlər Azərbaycan hüquq cəmiyyətində maraq yaratdı və mən həm vəkillərlə, həm də digər hörmətli həmkarlarla fikir mübadiləsi apardım. Məni çox narahat edən məsələ isə Azərbaycanda hüquqşünas azlığıdır. Hamı deyir ki, hüquqşünas çoxdur, amma müqayisə etdikdə görürük ki, onların sayı kifayət qədər azdır. Akademik sahədə də hüquqşünas alimlər və fəal hüquqşünaslar elmi-pedaqoji fəaliyyətə yetərincə maraq göstərmirlər. Xarici ölkələrdə vəziyyət fərqlidir. Müşahidələr göstərir ki, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunan tələbələrin 80%-i kişilər idi, xanımlar azlıq təşkil edirdi. İndi vəziyyət dəyişib – çoxluq xanımlar təşkil edir, kişilər azlıqda qalıb. Bu da aktual problemlərdən biridir. Burada nəzərdə tutduğum problem bərabərlikdir: hüquqşünaslar arasında kişi və qadınların sayı bərabər olmalıdır. Biz hüquqşünaslar bərabər şəkildə fəaliyyət göstərməliyik”, - o qeyd edib.