- 5 İyun 15:18
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, onların hüquqi maarifləndirilməsi və peşəkar hüquqi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
AHİK və Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində növbəti pulsuz hüquqi yardım tədbiri də bu məqsədə xidmət edir.
Əvvəlcə iştirakçılara AHİK-in fəaliyyət istiqamətləri, üzvlərin əmək, sosial-iqtisadi və qanuni mənafelərinin müdafiəsi sahəsində həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verilib, Konfederasiyanın fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
AHİK-in Əməyin Mühafizəsi və VK-nın Hüquqi Yardım Mərkəzin dəstəyi ilə keçirilən tədbir zamanı həmkarlar ittifaqları üzvləri üçün hüquqi məsələlər üzrə məlumatlandırma aparılıb və onların müraciətləri dinlənilib.
Belə ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən həmkarlar ittifaqları üzvlərinə fərdi qaydada pulsuz hüquqi yardım göstərilib, iştirakçıları maraqlandıran hüquqi məsələlər üzrə qanunvericiliyin tələbləri izah olunub, müxtəlif hüquqi situasiyalarla bağlı peşəkar hüquqi məsləhətlər verilib.
Qeyd edək ki, AHİK ilə VK arasında əməkdaşlıq həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin daha etibarlı müdafiəsinə, onların hüquqi maarifləndirilməsinə və keyfiyyətli hüquqi yardıma çıxış imkanlarının artırılmasına xidmət edir. Bu təşəbbüs, həmçinin əmək münasibətləri sahəsində hüquqi məlumatlılığın yüksəldilməsinə və həmkarlar ittifaqları üzvlərinin hüquqi müdafiə imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.