- 12:08
"Təəssüf ki, uzun illər ərzində Naxçıvanda vəkillik sahəsində müəyyən problemlər mövcud olub".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Naxçıvanda keçirilən "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" rolu mövzusunda regional konfransda deyib.
Onun sözlərinə görə, son illərdə həmin problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb: "Bu gün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Azərbaycan Vəkillər Kollegiyasının ayrılmaz tərkib hissəsi kimi uğurla fəaliyyət göstərir. Vəkillərin sayı sürətlə artır. Əgər əvvəlki dövrlərdə burada çox az sayda vəkil fəaliyyət göstərirdisə, bu gün vəziyyət tamamilə dəyişib. Bu uğurlarda aidiyyəti dövlət qurumlarının dəstəyi xüsusi rol oynayır. Onların göstərdiyi əməkdaşlıq və dəstək yüksək qiymətləndirilir".
A.Bağırov qeyd edib ki, Naxçıvan Vəkillər Kollegiyası bu gün dinamik inkişaf edən qurumlardan birinə çevrilib: "Rəhbərlikdə aparılan dəyişikliklərdən sonra fəaliyyət daha da canlanıb, yeni layihələr həyata keçirilib. Azərbaycan Vəkillər Kollegiyası da Naxçıvan vəkillərinə dəstəyini bundan sonra da davam etdirəcək. Tədbirdən əvvəl həmkarlarımızla görüşlər keçirdik, müxtəlif rayonlarda fəaliyyət göstərən vəkillərlə tanış olduq. Artıq Culfa rayonunda da vəkillərin fəaliyyəti üçün yaxşı şərait yaradılıb, ofis fəaliyyət göstərir və gələcəkdə bu imkanların daha da genişlənəcəyinə inanırıq".
Şəbnəm Mehdizadə