- 24 İyun 16:36
22-23 iyun 2026-cı il tarixlərində Polşa Vəkillər Kollegiyasının təşəbbüsü ilə İkinci Dünya müharibəsi illərində nasist rejimi tərəfindən qətlə yetirilmiş vəkillərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov Polşa Vəkillər Kollegiyasının dəvəti ilə tədbirdə iştirak edib.
Mərasim çərçivəsində Polşa Vəkillər Kollegiyasının Varşava şəhərində yerləşən inzibati binasında Kollegiyanın İdarə Heyəti ilə qonaqlar arasında görüş keçirilib. Görüş zamanı İkinci Dünya müharibəsi dövründə Polşa vəkillərinə qarşı törədilmiş cinayətlər barədə təqdimat olunub, onların müharibə illərində üzləşdiyi ağır talelər, habelə ədalət, insan hüquqları və qanunun aliliyi uğrunda göstərdikləri fədakarlıqlar haqqında məlumatlar verilib.
Polşa Vəkillər Kollegiyasının sədri Pşemıslav Rosati çıxışında bildirib ki, İkinci Dünya müharibəsi zamanı nasist rejimi tərəfindən qətlə yetirilmiş vəkillərin xatirəsinin anılması artıq Kollegiyada ənənəvi xarakter alıb və hər il iyun ayında xüsusi mərasimlə qeyd olunur. O, Polşanın nasist təcavüzünün ilk qurbanlarından biri olduğunu, ölkənin müharibə, işğal və müqavimət hərəkatının əsas mərkəzlərindən birinə çevrildiyini vurğulayıb.
Görüşdə Şahmar Məmmədov çıxış edərək İkinci Dünya müharibəsinin bəşəriyyət üçün ağır nəticələr doğurduğunu, milyonlarla insanın, o cümlədən vəkil həmkarlarının həyatlarını itirdiyini qeyd edib. Sədr müavini həlak olmuş həmkarlarının xatirəsinin hər zaman ehtiramla yad edildiyini bildirərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dünyada hər zaman sülhün, təhlükəsizliyin və insan həyatının ən ali dəyər kimi qorunmasının tərəfdarı olduğunu ifadə edib.
Sonra iştirakçılar Polşa vəkillərinin məqsədli şəkildə gətirilərək qətlə yetirildiyi və dəfn olunduğu Kampinos Milli Parkının ərazisində yerləşən Palmiry Hərbi Qəbiristanlığını ziyarət ediblər. Mərasim iştirakçıları Polşa Vəkillər Kollegiyasının üzvü olmuş vəkillərin məzarları önünə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad ediblər.
Anım tədbiri çərçivəsində iştirakçılar həmin dövrün tarixinə və faciəli hadisələrinə həsr olunmuş yerli muzeyi də ziyarət edərək, İkinci Dünya müharibəsi illərində Polşa xalqının və hüquq ictimaiyyətinin yaşadığı çətinliklərlə daha yaxından tanış olublar.
Bundan əlavə, qonaqlar üçün Varşavanın tarixi Köhnə şəhər hissəsinə və Polşa Milli Muzeyinə ekskursiya təşkil olunub.
Polşa Milli Muzeyində Şahmar Məmmədov Xatirə kitabına ürək sözlərini yazıb.
Səfər çərçivəsində sədr müavini Şahmar Məmmədov Polşa Vəkillər Kollegiyasının sədri Pşemıslav Rosati, Almaniya Vəkillər Kollegiyasının vitse-prezidenti Ulrich Karpenstein, Hamburq Vəkillər Kollegiyasının sədri Christian Lemke və vəkillərlə bir sıra görüşlər keçirib. Görüşlər zamanı hüquq sahəsində aktual çağırışlar, vəkillik institutunun inkişaf perspektivləri, müasir hüquqi yanaşmalar və qabaqcıl beynəlxalq təcrübələr ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda beynəlxalq əməkdaşlığın genişləndirilməsi, vəkillərin peşəkar hazırlığının artırılması, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi və hüquq sahəsində davamlı islahatların təşviqi istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.