Vəkil: “Günahkar olduğunu bildiyimiz şəxsə də peşəkar hüquqi yardım göstərməliyik” - VİDEO 


  • 11:35

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı ictimaiyyətə təqdim olunub.

E-huquq.az xəbər verir ki, budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada vəkillik fəaliyyəti göstərən vəkil Adil İsmayılov olub.

Uzun illər hüquq sahəsində fəaliyyət göstərən Adil İsmayılov müsahibə zamanı peşə həyatında qarşılaşdığı yaddaqalan hadisələrdən, vəkillik peşəsinin tələb etdiyi yüksək məsuliyyət hissindən, hüquqi müdafiə zamanı üzləşdiyi mürəkkəb situasiyalardan, eləcə də peşənin mənəvi və etik tərəflərindən ətraflı bəhs edib.

Veriliş çərçivəsində hüquq nəzəriyyəsi və hüquqi praktikanın ən aktual məsələləri ətrafında maraqlı müzakirələr aparılıb. Adil İsmayılov qanunla ədalət anlayışının münasibəti, hüquqla əxlaqın hər zaman üst-üstə düşüb-düşməməsi, qanunların hazırlanmasında vicdan amili ilə ictimai maraqlar arasında tarazlığın qorunması, hüquqşünasların intellektual inkişafında bədii ədəbiyyatın rolu, müdafiə taktikasında strateji düşüncə və şahmatın əhəmiyyəti, vəkilin daxildə günahkar hesab etdiyi şəxsin müdafiəsini həyata keçirərkən peşə etikası çərçivəsində necə davranmalı olduğu, həmçinin regionlarda vəkillik fəaliyyətinin Bakı ilə müqayisədə fərqləri barədə sualları cavablandırıb.

Müsahibə zamanı o, hüquqşünasın daim öz üzərində çalışmasının, mütaliəyə vaxt ayırmasının və yalnız qanunvericiliyi deyil, fəlsəfə, tarix və bədii ədəbiyyatı da mütəmadi oxumasının peşəkar inkişaf baxımından vacibliyini vurğulayıb. Onun sözlərinə görə, geniş dünyagörüşünə malik hüquqşünas hüquqi məsələləri daha dolğun təhlil etmək və hadisələrə daha obyektiv yanaşmaq imkanına malik olur.

Adil İsmayılov xüsusilə qeyd edib ki, vəkil peşəsinin əsas dayaqlarından biri vicdan, dürüstlük və peşə etikasıdır. O deyib ki, hüquqi yardım göstərilərkən yalnız qanun normalarına istinad etmək kifayət deyil. Hər bir işin arxasında insan taleyi dayandığından, vəkil qərar qəbul edərkən hadisənin hüquqi tərəfi ilə yanaşı, onun mənəvi və sosial aspektlərini də nəzərə almalıdır.

Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi hüquqşünasların şəxsi təcrübələrini, peşəyə baxışlarını və hüquqi mövqelərini ictimaiyyətə çatdırmaqla yanaşı, hüquqi maarifləndirmə missiyasını da həyata keçirir. Layihənin məqsədi cəmiyyətdə hüquq mədəniyyətini təşviq etmək, gənc hüquqşünaslarda motivasiyanı artırmaq və hüquqa olan marağı gücləndirməkdir.

Xatırladaq ki, 2019-cu ildən Vəkillər Kollegiyasının üzvü olan Adil İsmayılov hazırda Ağstafa rayonunda fərdi qaydada fəaliyyət göstərir.

Oxşar xəbərlər