Vəkillər Kollegiyası ilə Naxçıvan Dövlət Universitetinin birgə Hüquqi Təcrübə və Tədqiqat Mərkəzi yaradılır


  • 17:28

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 15 iyul 2026-cı il tarixli qərarına əsasən, Naxçıvan Dövlət Universiteti ilə birgə Hüquqi Təcrübə və Tədqiqat Mərkəzi yaradılır.

E-huquq.az-ın məlumatına görə, yeni Mərkəz hüquq təhsilinin yalnız nəzəri biliklərlə deyil, real praktik təcrübə ilə zənginləşdirilməsinə xidmət edəcək.

Mərkəzin fəaliyyəti çərçivəsində elmi-hüquqi tədqiqat və araşdırmaların aparılması, məhkəmə proseslərinin simulyasiyası, praktiki məşğələlərin təşkili, təcrübəli vəkillərin iştirakı ilə təlim və ustad dərslərinin keçirilməsi, hüquqi sənədlərin hazırlanması üzrə praktiki çalışmaların təşkili, hüquqi müzakirələrin, seminarların və maarifləndirici layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda Mərkəz gələcəyin peşəkar, savadlı, rəqabətqabiliyyətli hüquqşünaslarının hazırlanması mühüm töhfə verəcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin iyulun 15-də keçirilən iclasında Naxçıvan Dövlət Universitetinin müraciətinə baxılaraq ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində yaradılacaq Hüquqi Təcrübə və Tədqiqat Mərkəzinin maddi-texniki bazasının formalaşdırılmasına maliyyə dəstəyinin göstərilməsi, habelə hüquqşünaslıq ixtisası üzrə təhsil alan üç tələbəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən xüsusi təqaüdün ayrılması qərara alınıb.

Humay Eminqızı

Oxşar xəbərlər