- 10:34
Azərbaycanda son illərdə həyata keçirilən islahatlar nəticəsində vəkillik institutu güclənib.
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi zamanı bildirib.
O deyib ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun müasir Azərbaycan vəkilliyinin möhkəm hüquqi təməlini qoyub və vəkillik institutunun müstəqil peşə təsisatı kimi formalaşmasında tarixi rol oynayıb: "Məhz həmin Qanunun qəbulundan sonra vəkillik institutu ilk dəfə olaraq dövlət hakimiyyətinin qollarından asılı olmayan müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb, məhkəmə prosesində isə çəkişmə prinsipi əsasında bərabərhüquqlu iştirakçı statusu qazanıb".
Eyni zamanda sədr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının, eləcə də 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərin vəkillik institutunun inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb: "Həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində hüquqi yardım sisteminin təkmilləşdirilməsi, vətəndaşların müdafiə hüququnun daha səmərəli təmin olunması və vəkillik institutunun fəaliyyət imkanlarının genişləndirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə edilib. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın layiqli rəhbərliyi ilə uğurla davam etdirilir və yeni zirvələrə doğru yüksəldilir".
Humay Eminqızı