Anar Bağırov: "Vəkilliyə qəbul zamanı yüksək tələblər qorunmalıdır"


  • 11:35

"Mərkəzi Asiya ölkələri ilə müqayisədə Azərbaycanda əhalinin sayına düşən vəkillərin sayı daha çoxdur. Lakin Avropa ölkələri ilə müqayisədə vəkillərin sayı hələ də azdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanda hər 11 min nəfərə bir vəkil düşürdüsə, hazırda bu göstərici təxminən hər 3 min 300 nəfərə bir vəkil təşkil edir.

"Bu isə müsbət dinamikanın göstəricisidir. Getdikcə əhalinin sayına düşən vəkillərin sayı artır", - deyə sədr bildirib.

A.Bağırov hesab edir ki, vəkilliyə qəbul zamanı yüksək tələblər qorunmalıdır. "Vəkillik peşəsinə ən savadlı hüquqşünaslar qəbul edilməlidir. Çünki vəkilin bilik səviyyəsi hakimdən və ya müstəntiqdən aşağı olmamalıdır. Vəkil vətəndaşın etibar etdiyi şəxsdir. İnsan hüquqi problemlə üzləşəndə vəkilə müraciət edir və ondan keyfiyyətli hüquqi yardım gözləyir. Buna görə də vəkil yüksək bilik və peşəkarlığa malik olmalıdır. Məhz buna görə də bizdə imtahan sistemi tətbiq olunur. Bu imtahanlar tam obyektiv və şəffaf şəkildə keçirilir. Son illərdə bununla bağlı hər hansı ciddi şikayət və ya narazılıq olmayıb. Çünki obyektivlik ən yüksək səviyyədə təmin edilir. Vəkillər məhkəmə qərarlarında və digər prosessual sənədlərdə mövcud ola biləcək çatışmazlıqları və səhvləri müəyyən etməyi, onların aradan qaldırılması üçün hüquqi əsaslandırılmış şikayətlər hazırlamağı bacarmalıdırlar. Nəticə etibarilə isə insanlara keyfiyyətli hüquqi yardım göstərməlidirlər. Bu fəaliyyətin səmərəli olması yüksək peşəkarlıq və bilik səviyyəsi tələb edir".

Humay Eminqızı

Oxşar xəbərlər