- 12:50
"Vəkillik yalnız bir fəaliyyət sahəsi deyil, insan hüquqlarının müdafiəsinə və ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edən mühüm institutdur".
E-huquq.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimi zamanı deyib.
O bildirib ki, vəkilin üzərinə yalnız hüquqi deyil, həm də böyük mənəvi məsuliyyət düşür: "Peşəkar vəkil qanunvericiliyi mükəmməl bilməli, vicdanlı, prinsipial, müstəqil, obyektiv olmalı və insanlara həssas yanaşmalıdır".
H.Bağırov vurğulayıb ki, vəkilin əsas gücü təkcə hüquqi biliklərində deyil, həm də etibarlılığında, peşə ləyaqətində və ədalətə sədaqətindədir.
"Vətəndaşın vəkilə müraciət etdiyi anda ona göstərilən diqqət, dürüst münasibət və məsuliyyət bütövlükdə hüquq sisteminə olan ictimai etimada təsir göstərir", - deyə sektor müdiri qeyd edib.
O, yeni and içən vəkillərə müraciət edərək fəaliyyətlərində hər zaman qanunun aliliyini, ədaləti və peşə etikasını əsas meyar kimi qəbul etməyi tövsiyə edib.
"Arzu edirəm ki, fəaliyyətinizdə hər zaman qanun, ədalət və peşə etikasını əsas meyar kimi qəbul edəsiniz. Müdafiə etdiyiniz hər bir şəxsin ləyaqətinə məsuliyyətlə yanaşasınız, mövqeyinizi cəsarətlə və əsaslandırılmış şəkildə ifadə edəsiniz. Unutmayın ki, qazandığınız hər bir uğurlu iş yalnız şəxsi nailiyyətiniz deyil, həm də vəkillik institutunun nüfuzuna verilən töhfədir", - deyə H. Bağırov əlavə edib.
Humay Eminqızı