Şaiq Mirzəyev 50 illik yubileyi münasibətilə təltif olundu


  • 12:50

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru, tanınmış hüquqşünas Şaiq Mirzəyev 50 illik yubileyi münasibətilə təltif olunub.

E-huquq.az-ın məlumatına görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən 50 illik yubileyi münasibətilə Şaiq Mirzəyevə qiymətli hədiyyə təqdim edilib.

Qeyd edək ki, Şaiq Mirzəyev 2 avqust 1976-cı ildə Ağsu rayonunda anadan olub. Ali hüquq təhsilini Bakı Dövlət Universitetində alıb. O, 1998-ci ildə hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2000-ci ildə isə mülki hüquq ixtisası üzrə magistr pilləsini müvəffəqiyyətlə başa vurub. Elmi fəaliyyətini davam etdirən Şaiq Mirzəyev 2007-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Şaiq Mirzəyev uzun illər hüquq sahəsində fəaliyyət göstərərək müxtəlif dövlət və özəl qurumlarda məsul vəzifələrdə çalışmış, hüququn aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində peşəkar fəaliyyəti ilə seçilmişdir.

2019-cu ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Şaiq Mirzəyev eyni zamanda Vəkillərin İxtisas Komissiyasının üzvü kimi vəkilliyə qəbul prosesində və peşəkar hüquq korpusunun formalaşdırılmasında fəal iştirak edir.

O, həmçinin “Mirzayev and Partners Law Firm” hüquq şirkətinin təsisçisi və baş direktorudur. Praktiki hüquq fəaliyyəti ilə yanaşı, hüquq elminin və hüquqi maarifləndirmənin inkişafına da mühüm töhfələr verir.

2019-cu ildə Şaiq Mirzəyev tərəfindən təsis edilən E-huquq.az hüquq portalı qısa müddətdə ölkənin aparıcı hüquqi informasiya resurslarından birinə çevrilmişdir. Portalda qanunvericilikdə baş verən yeniliklər, məhkəmə təcrübəsi, hüquqi təhlillər, müsahibələr və peşəkar məqalələr mütəmadi olaraq dərc edilir. Bu gün E-huquq.az hüquqşünaslar, vəkillər, hakimlər, hüquq fakültələrinin müəllim və tələbələri, eləcə də hüquq sahəsinə maraq göstərən oxucular tərəfindən maraqla izlənilən və istinad edilən ixtisaslaşmış hüquqi informasiya platformalarından biri hesab olunur.

Qeyd edək ki, Şaiq Mirzəyevin yubileyi münasibətilə təqdim olunan təltif onun hüquq ictimaiyyətində qazandığı nüfuzun, peşəkarlığının, elmi fəaliyyətinin və vəkillik institutunun inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Oxşar xəbərlər