Azərbaycanın hüquq ictimaiyyətinə və vəkilliyinə ağır itki üz verib


  • 14:48

Azərbaycanın hüquq ictimaiyyətinə və vəkilliyinə ağır itki üz verib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Heydər oğlu Kərimov 2026-cı il avqustun 2-də ömrünün 84-cü ilində vəfat edib.

İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə başa vurduqdan sonra 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan SSR Prokurorluğu orqanlarında başlayıb və hüquq-mühafizə sistemində uzun illər məsul vəzifələrdə çalışıb.

1966–1978-ci illərdə Bakı şəhərinin Oktyabr (indiki Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər üzrə müstəntiq vəzifələrində fəaliyyət göstərib. 1978–1987-ci illərdə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon prokuroru, daha sonra isə Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi olub.

1987–2012-ci illərdə məhkəmə hakimiyyəti sistemində fəaliyyətini davam etdirən İkram Kərimov Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrini layiqincə icra edib.

O, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub, uzun illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.

2017-ci il aprelin 14-dən etibarən Azərbaycan Respublikasının Bank Ombudsmanı vəzifəsini icra edib.

İkram Kərimov 2019-cu ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. Həmin il Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə yaradılmış Ağsaqqallar Şurasının sədri təyin edilərək ömrünün sonunadək bu vəzifəni böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirib. Onun zəngin hüquqi bilik və təcrübəsi, gənc hüquqşünasların və vəkillərin peşəkar inkişafına verdiyi töhfələr Kollegiyanın fəaliyyətində xüsusi yer tutub.

Peşəkar fəaliyyəti dövründə SSRİ Baş Prokuroru tərəfindən baş ədliyyə müşaviri xüsusi rütbəsinə, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən isə I ixtisas dərəcəli hakim rütbəsinə layiq görülüb.

Üstü açılmamış qəsdən adamöldürmə cinayətlərinin istintaqı sahəsində qazandığı uğurlar hüquq ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Onun istintaq təcrübəsi dəfələrlə SSRİ və respublika miqyasında yayılıb, adı prokurorluğun "Ən yaxşı müstəntiqi" Fəxri Kitabına daxil edilib. Barəsində ittifaq miqyasında kitab nəşr olunub, hüquq jurnallarında oçerklər dərc edilib. Müxtəlif elmi və publisistik məqalələrin müəllifi olan İkram Kərimov uzun illər hüquqi fikir tarixinin inkişafına da töhfə verib.

O, "Şərəf nişanı" ordeni, "Tərəqqi" və "Əmək veteranı" medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Baş Prokurorunun, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub, "Əməkdar hüquqşünası" fəxri adına layiq görülüb. Peşə fəaliyyətində qazandığı nailiyyətlərə görə SSRİ Baş Prokuroru, Azərbaycan Respublikasının Baş prokuroru, Ədliyyə naziri və Məhkəmə-Hüquq Şurası tərəfindən dəfələrlə təşəkkür və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Həmçinin İkram Kərimov bir neçə çağırış Əzizbəyov (Xəzər) rayonu və Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. SSRİ Prokurorluğu və SSRİ Ədliyyə Nazirliyinin rəhbər işçilərinin ixtisasartırma institutlarında təhsil alıb, 1995-ci ildən etibarən ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının qanunvericilik bazasının hazırlanmasında yaxından iştirak edib, ABŞ, Avropa və Asiya ölkələrində keçirilən beynəlxalq tədbirlərdə, eləcə də Avropa Şurasında Azərbaycanı layiqincə təmsil edib.

2022-ci il aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

İkram Kərimov ömrünü hüququn aliliyinə, ədalət mühakiməsinin inkişafına, hüquqşünas nəslinin yetişdirilməsinə və Azərbaycan vəkilliyinin inkişafına həsr etmiş görkəmli hüquqşünaslardan biri idi. Əməkdar hüquqşünasın zəngin həyat yolu, yüksək peşəkarlığı, prinsipiallığı və insani keyfiyyətləri onu tanıyanların xatirəsində daim yaşayacaq.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası mərhumun doğmalarına, yaxınlarına və bütün hüquq ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər