Vəkillər Kollegiyasının üzvləri üçün icbari təlimlər uğurla davam edir - FOTO


  • 15:07

Ötən ay ərzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Kollegiyanın üzvləri üçün müxtəlif icbari tədris tədbirləri təşkil olunub.

E-huquq.az xəbər verir ki, iyulun 4-də “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı və sonrakı fəaliyyətlə bağlı hüquqi məsələlərdə vəkillərin rolu” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü Aytən Abbasova qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı hüquqi yardımın mahiyyəti, ayrı-ayrı qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının xüsusiyyətləri, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatının fərqli xüsusiyyətləri barədə geniş çıxış edib.

Eyni zamanda iyulun 4-də “İnzibati icraatda müddətlər” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev tərəfindən müddətlərin növləri və onların hüquqi təsnifatı, müddətlərin hesablanması qaydaları, inzibati orqanların qərar qəbul etmə müddətləri, müddətlərin pozulmasının hüquqi nəticələri və digər əlaqəli məsələlər barədə geniş müzakirələr aparılıb.

İyulun 11-də isə “Kibertəhlükəsizlik hüququ kontekstində kibercinayətlərin istintaqı zamanı müdafiə taktikası” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov kibertəhlükəsizlik və kibercinayətkarlığın hüquqi anlayışı, kibercinayətlərin istintaqının xüsusiyyətləri, kibercinayət işlərində müdafiə taktikası və prosessual təminatlar, o cümlədən informasiya təhlükəsizliyi ilə bağlı hüquqi məsələlər barədə ətraflı çıxış edib.

Həmçinin iyulun 11-də “Alqı-satqı müqavilələri sahəsində məhkəmə təcrübəsi” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Rubayıl Səfərov tərəfindən alqı-satqı müqavilələrinin hüquqi tənzimlənməsi və normativ bazası, alqı-satqı müqavilələrindən irəli gələn mübahisələrdə sübutetmə, sübutların qiymətləndirilməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin alqı-satqı müqavilələri üzrə formalaşdırdığı aktual hüquqi mövqelərin təhlili ilə bağlı müxtəlif müzakirələr aparılıb.

İyulun 18-də isə “Beynəlxalq kommersiya arbitrajı” mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə təlimçi - Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü Fuad Qəşəmov beynəlxalq kommersiya arbitrajının hüquqi əsasları, Arbitraj məhkəməsinin yurisdiksiyası, o cümlədən arbitraja tətbiq olunan hüquq və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.

İyulun 18-də keçirilən növbəti hibrid təlimdə “Məişət zorakılığı və uşaq hüquqlarının müdafiəsi ilə bağlı işlərdə vəkilin rolu; nəzəri və praktiki problemlər” mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov məişət zorakılığının milli və beynəlxalq hüquqi çərçivəsi, məişət zorakılığının növləri, sübutetmə, test alətləri və meyarları, məişət zorakılığı ilə bağlı şikayət hallarında dövlətin pozitiv öhdəlikləri, müdafiə tədbirlərinin əldə edilməsində mövcud çətinliklər, məişət zorakılığı və ailə mübahisələrinin həllində uşağın mənafeyinin qorunması, uşağın maraqlarına toxunan halların qiymətləndirilməsi meyarları, mediasiya və məhkəmə baxışı zamanı uşağın maraqlarının təmin edilməsi, eləcə də uşağın dindirilməsinin psixoloji aspektləri barədə məruzə ilə çıxış edib.

İyulun 25-də isə “Həbsin seçilməsi: dindirmə prosedurları və məhkəmə qaydasında ləğvi” mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə Vəkillər Kollegiyası İxtisas Komissiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev Şübhəli şəxsin tutulmasının hüquqi əsasları və prosessual qaydaları, həbs qətimkan tədbirinin seçilməsi və tətbiqi meyarları, həbsə alternativ qətimkan tədbirləri və onların tətbiqi praktikası, tutulan və həbs edilmiş şəxslərin prosessual hüquqları, müdafiəçinin cinayət təqibinin ilkin mərhələsində rolu, dindirmə prosedurlarının qanunvericilik əsasları, şübhəli, təqsirləndirilən şəxs, şahid və zərərçəkmiş şəxsin dindirilməsinin xüsusiyyətləri, məhkəmə araşdırmasının mərhələləri və prinsipləri, sübutların təqdim olunması və məhkəmə tərəfindən qiymətləndirilməsi, şahidlərin və digər proses iştirakçılarının məhkəmədə dindirilməsi qaydaları barədə müxtəlif müzakirələr aparıb.

İyulun 25-də növbəti hibrid təlimdə “Peşəkar hüquqi yardımın göstərilməsi prosesində hüquqi yazı: nəzəri və praktiki məsələlər” mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun müdiri Ruslan Vəliyev hüquqi yazının anlayışı və xüsusiyyətləri, hüquqi yazının növləri, hüquqi texnikanın anlayışı, hüquqi sənədin daxili görünüşü, strukturu və əlamətləri, hüquqi sənədin xarici görünüşü, vizuallaşdırılması və tipoqrafikası, hüquqi yazı zamanı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnaməyə riayət edilməsi, mövcud problemlər və onların aradan qaldırılması yolları barədə geniş məruzə ilə çıxış edib.

Ötən ay ərzində ümumilikdə 3 209 vəkil (1 vəkil bir neçə təlimdə iştirak etməklə) icbari təlimlərdə iştirak edib.

Qeyd edək ki, bu tədris tədbirlərində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və vəkillər üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.

Oxşar xəbərlər