Türk Hüquqşünas Qadınlar Dərnəyinin rəhbərliyi Milli Məclisdə olub - FOTO


  • 12:17

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə səfərdə olan Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Qonaqları salamlayan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hicran Hüseynova iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən söz açıb.

Komitə sədri Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərinə nəzər salıb, Şuşa Bəyannaməsini iki ölkə arasında müttəfiqliyin ən yüksək ifadəsi kimi qiymətləndirib. H.Hüseynova gender bərabərliyinin təmin olunması, qadın və kişilər üçün bərabər hüquq və imkanların yaradılması, ailə münasibətlərinin hüquqi tənzimlənməsi, qadınların sosial və ictimai həyatda iştirakının artırılması, həmçinin qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində qanunvericilik sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

O, iki ölkənin parlamentləri arasındakı əməkdaşlığın Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişlənməsinə və ortaq təşəbbüslərin irəli sürülməsinə mühüm töhfə verdiyini vurğulayıb. Eyni zamanda bildirilib ki, 2023-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb. Bu sənəd çərçivəsində qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılır, qadın hüquqlarının müdafiəsi, ailənin möhkəmləndirilməsi və qadınların ictimai həyatda fəal iştirakının dəstəklənməsi ilə bağlı məsələlər davamlı olaraq müzakirə olunur. H.Hüseynova əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin əhəmiyyətini qeyd edərək, qadın hüquqlarının müdafiəsi, qadınların cəmiyyətdə və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması, onların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin və yeni təşəbbüslərin irəli sürülməsinin vacibliyini diqqətə çatdırıb.

Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin sədri, Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasının sədr müavini, vəkil və mediator Zübeydə Aksay çıxışında Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, əsas istiqamətləri və gələcək planları barədə məlumat verib. Z.Aksay təşkilatın yaradıcısı, türk dünyasının ilk qadın hüquqşünası və vəkili Sürəyya Ağaoğlunu böyük hörmət hissi ilə yad edib.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, komitə üzvləri Mehriban Vəliyeva, Tamam Cəfərova, İlham Məmmədov, Müşfiq Məmmədli, Səbinə Xasayeva və Günay Ağamalı, həmçinin Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva və Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov iştirak ediblər.

Çıxış edənlər Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaratdığını bildiriblər. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər