- 15:09
"Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti ilə yaxından tanış olmaq və məhkəmənin iş prinsiplərini yerində öyrənmək vəkillər üçün mühüm təcrübədir".
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Nurəngiz Qarayeva deyib.
O, açıqlamasında 16-18 sentyabr tarixlərində təcrübə məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) olduğunu bildirib.
N.Qarayeva səfər çərçivəsində AİHM-in fəaliyyəti, işin təşkili və məhkəməyə təqdim olunan ərizələrin icraata qəbul prosedurları ilə yaxından tanış olub. O, həmçinin məhkəmədə müxtəlif kateqoriyadan olan işlərə baxılması, onların araşdırılması və qərarların qəbul edilməsi prosesləri barədə məlumat əldə edib.
"Avropa Məhkəməsində olmaq mənim üçün ilk növbədə məhkəmənin fəaliyyətini yalnız nəzəri baxımdan deyil, praktiki olaraq da öyrənmək baxımından əhəmiyyətli idi. İşlərin necə təşkil edildiyini, ərizələrin hansı meyarlar əsasında qəbul edildiyini, müxtəlif mərhələlərdə hansı prosedurların tətbiq olunduğunu yaxından müşahidə etmək və bu proses barədə məlumat əldə etmək vəkillik fəaliyyətim üçün faydalı təcrübədir", - deyə N.Qarayeva bildirib.
Səfər zamanı vəkil AİHM-nin azərbaycanlı hakimi Lətif Hüseynovla görüşüb. Görüşdə AİHM-in fəaliyyəti, məhkəmənin iş prinsipləri və insan hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq məhkəmə təcrübəsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Vəkil, həmçinin təcrübə məqsədilə Avropa Şurası Parlament Assambleyasını (AŞPA) da ziyarət edib. Burada da Avropa Şurasının fəaliyyəti ilə bağlı məlumat əldə edib.
N.Qarayeva qeyd edib ki, bu cür beynəlxalq təcrübə mübadilələri Azərbaycan vəkillərinin peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
"Beynəlxalq hüquq təcrübəsinin öyrənilməsi və müxtəlif ölkələrdən olan hüquqşünaslarla birbaşa ünsiyyət peşəkar inkişaf üçün mühüm imkan yaradır", - deyə vəkil vurğulayıb.
Şəbnəm Mehdizadə