- 30 Sentyabr 18:55
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 sentyabr 2026-cı il tarixli Qərarı vəkillik institutunun cinayət-hüquqi müdafiəsi baxımından mühüm bir problemi yenidən gündəmə gətirmişdir: vəkilin peşə fəaliyyəti ilə əlaqədar xüsusi hüquqi müdafiəsi onun həyata keçirdiyi funksiyadan, yoxsa konkret məhkəmə icraatında daşıdığı prosessual addan asılı olmalıdır?
Məsələnin meydana çıxmasının özü olduqca düşündürücüdür. Mülki məhkəmə prosesində iddiaçının nümayəndəsi olan vəkil məhkəmə icraatı ilə əlaqədar hədələnir. Lakin CM-in 288.2-ci maddəsində “vəkil” və ya “nümayəndə” deyil, məhz “müdafiəçi” ifadəsinin işlədilməsi həmin normanın mülki prosesdə iştirak edən vəkilə tətbiq edilib-edilməməsi problemini yaradır.
Konstitusiya Məhkəməsi Plenumu hüquqi müəyyənlik və cinayət qanununun genişləndirici təfsirinin yolverilməzliyi mövqeyindən çıxış edərək “müdafiəçi” anlayışını onun prosessual mənası ilə əlaqələndirmişdir. Qərara əsasən, CM-in 288.2-ci maddəsində nəzərdə tutulan müdafiəçi cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirən, habelə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərən vəkildir. Buna görə mülki mühakimə icraatında nümayəndə kimi çıxış edən vəkil mövcud redaksiyada həmin anlayışın əhatəsinə daxil edilmir. Problem məhz bundan sonra başlayır
Bu nəticə cinayət qanununun müəyyənliyi baxımından başadüşüləndir. Şəxsin cinayət məsuliyyətini ağırlaşdıran normanın analogiya və ya həddindən artıq geniş təfsir yolu ilə tətbiqi hüquqi müəyyənlik prinsipi ilə uzlaşmaya bilər.
Lakin başqa sual meydana çıxır:
Eyni vəkil cinayət işində iştirak etdiyi zaman xüsusi cinayət-hüquqi müdafiədən yararlanırsa, nə üçün həmin vəkil mülki və ya inzibati məhkəmə icraatında eyni peşə funksiyasını həyata keçirərkən analoji müdafiədən kənarda qalmalıdır?
Burada artıq məsələ terminoloji deyil, ədalət mühakiməsinin və vəkillik fəaliyyətinin institusional müdafiəsi məsələsidir.
CM-in 288-ci maddəsi “Ədalət mühakiməsi əleyhinə olan cinayətlər” fəslində yerləşir. Deməli, normanın qoruduğu hüquqi mənafe yalnız konkret vəkilin həyatı, sağlamlığı və ya əmlakı deyil. Xüsusi müdafiənin daha geniş məqsədi ədalət mühakiməsinin sərbəst və maneəsiz həyata keçirilməsinin təmin edilməsidir. Plenum da qərarında normanın əsas məqsədinin konkret şəxslərin fərdi təhlükəsizliyindən daha çox ədalət mühakiməsinin maneəsiz həyata keçirilməsinin təmin olunması olduğunu vurğulayır. Bu nöqtədə mövcud qanunvericilikdə müəyyən uyğunsuzluq görünür.
Prosessual ad dəyişir, vəkilin funksiyası dəyişirmi?
Cinayət prosesində vəkil — müdafiəçi, mülki prosesdə isə — nümayəndə statusunda çıxış edir.
Lakin hər iki halda onun peşə fəaliyyətinin nüvəsində hüquqi yardım göstərilməsi, şəxsin hüquq və qanunla qorunan mənafelərinin müdafiəsi və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak dayanır.
Məsələn, bir vəkil cinayət işi üzrə müdafiə etdiyi şəxsə görə öldürülməklə hədələnirsə, CM-in 288.2-ci maddəsinin xüsusi müdafiə mexanizmi işə düşə bilər.
Eyni vəkil ertəsi gün böyük əmlak mübahisəsində tərəfin nümayəndəsi kimi iştirak edir və qarşı tərəf onu məhz məhkəmədə həyata keçirdiyi peşə fəaliyyətinə görə eyni şəkildə öldürməklə hədələyirsə, sırf onun prosessual statusunun “müdafiəçi” deyil, “nümayəndə” adlandırılması xüsusi normanın tətbiqini istisna edir.
Təhlükənin xarakteri dəyişmir. Vəkilin peşə fəaliyyəti dəyişmir. Ədalət mühakiməsinə yönəlmiş təsirin mahiyyəti dəyişmir. Dəyişən yalnız prosessual addır.
Məhz buna görə məsələnin qanunvericilik səviyyəsində həlli zərurəti yaranır.
Konstitutsiya Məhkəməsinin hakimləri İsa Nəcəfov və Humay Əfəndiyevanın xüsusi rəyi bu müzakirəyə fərqli hüquqi yanaşma gətirir. Onların mövqeyində əsas diqqət prosessual ada deyil, vəkilin həyata keçirdiyi funksiyaya və müdaxilənin ədalət mühakiməsi ilə əlaqəsinə yönəldilir. Xüsusi rəydə vurğulanır ki, cinayət prosesində “müdafiəçi”, mülki prosesdə “nümayəndə” adlandırılan şəxs mahiyyət etibarilə eyni peşə subyekti — vəkildir və hər iki halda hüquqi yardım funksiyasını həyata keçirir. Bu mövqe ayrıca diqqətə layiqdir.
Lakin qanunvericilik siyasəti baxımından əsas məsələ Plenumun çoxluq mövqeyi ilə xüsusi rəy arasında seçim etməkdən daha genişdir. Belə mübahisənin ümumiyyətlə yaranmasına imkan verməyən aydın cinayət-hüquqi norma yaradılmalıdır.
Plenumun qanunvericiyə verdiyi mesaj
Qərarın ən mühüm hissələrindən biri məhz nəticə hissəsinin 2-ci bəndidir. Konstitusiya Məhkəməsi hüquqi yardım göstərən digər vəkillərin, o cümlədən mülki mühakimə icraatında iştirak edən vəkilin peşə fəaliyyəti ilə əlaqədar hədə-qorxu və hüquqazidd təsirlərdən cinayət-hüquqi müdafiəsinə dair xüsusi təminatların müəyyən edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsini Milli Məclisə tövsiyə etmişdir.
Bu, mühüm məqamdır. Plenum bir tərəfdən mövcud normanın sərhədini müəyyən edir, digər tərəfdən isə həmin sərhədin yaratdığı normativ boşluğun qanunverici tərəfindən aradan qaldırılmasına ehtiyac olduğunu göstərir.
Qanun necə dəyişdirilə bilər?
Burada, məncə, yalnız CM-in 288.2-ci maddəsinə “nümayəndə” sözünün əlavə edilməsi ilə kifayətlənmək düzgün olmazdı.
Daha sistemli formul seçilə bilər. Məsələn, maddədə:
“müdafiəçi, nümayəndə qismində iştirak edən vəkil və ya digər hallarda qanuna uyğun olaraq hüquqi yardım göstərən vəkil”ifadəsinin işlədilməsi müzakirə edilə bilər.
Daha konseptual yanaşma isə “peşə fəaliyyəti ilə əlaqədar vəkil” meyarının ayrıca cinayət-hüquqi müdafiə obyekti kimi müəyyən edilməsidir.Bu halda müdafiənin əsas şərti vəkilin hansı prosessual ad altında çıxış etməsi deyil, hüquqazidd təsirin onun qanuni peşə fəaliyyəti ilə səbəbli əlaqəsinin olması olar.Belə yanaşma həm mülki, həm inzibati, həm cinayət və digər icraatlarda vəkillik fəaliyyətinin vahid institusional müdafiəsini təmin edə bilər.
Xarici qanunvericilik də alternativin mümkün olduğunu göstərir
Konstitusiya Məhkəməsinin özü müqayisəli hüquqa müraciət etmişdir. Qərarda göstərilir ki, Ukrayna Cinayət Məcəlləsinin 398-ci maddəsində “şəxsin müdafiəçisi və ya nümayəndəsi”, Qazaxıstan Cinayət Məcəlləsinin 409-cu maddəsinin 2-ci hissəsində isə “müdafiəni və ya nümayəndəliyi həyata keçirən vəkil” ifadələrindən istifadə edilir.
Bu nümunələr Azərbaycan qanunvericiliyindəki problemin həllinin texniki baxımdan mürəkkəb olmadığını göstərir. Əsas məsələ qanunvericinin cinayət-hüquqi mühafizənin dairəsini dəqiq müəyyən etməsidir.
Nəticə etibarilə,21 sentyabr 2026-cı il tarixli Konstitusiya Məhkəməsi qərarının əhəmiyyəti yalnız CM-in 288.2-ci maddəsindəki bir sözün — “müdafiəçi” anlayışının şərh edilməsindən ibarət deyil.
Qərar daha fundamental bir problemi üzə çıxarır:
Müasir hüquq sistemində vəkilin təhlükəsizliyi onun prosessual statusunun deyil, ədalət mühakiməsinin müstəqil və maneəsiz həyata keçirilməsinin təminatı kimi qəbul edilməlidir.
Vəkilə onun qanuni peşə fəaliyyətinə görə edilən hədə və təzyiq yalnız konkret vəkilə qarşı yönəlmiş əməl deyil. Belə təsir hüquqi yardım almaq hüququna, tərəflərin məhkəmədə effektiv təmsil olunmasına və nəticə etibarilə ədalət mühakiməsinin normal həyata keçirilməsinə toxunur.
Bu səbəbdən CM-in 288.2-ci maddəsinin təkmilləşdirilməsi zamanı müdafiənin yalnız “müdafiəçi” prosessual statusu ilə məhdudlaşdırılması deyil, vəkilin bütün məhkəmə icraatlarında qanuni peşə fəaliyyətinin xüsusi cinayət-hüquqi müdafiə altına alınması məsələsinə baxılması məqsədəuyğundur.
İlhamə Həsənova
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü