- 10:20
27 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının həm kişi, həm də qadın vəkil və hüquqşünaslardan ibarət futbol komandaları İspaniyanın Salou şəhərində keçirilən “IX Lawyers World Cup 2026” beynəlxalq turnirində iştirak ediblər.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Turnirdə ümumilikdə 22 ölkənin, 47 komandanın mübarizə apardığı kişilər arasında Azərbaycan komandası yarışı təmsil etdiyi formatda (7×7) 4-cü pillədə başa vurub. Qadınlardan ibarət komandamız isə yarışda (5×5) 5-ci yeri tutub.
Qadınlardan ibarət komandamız turnir çərçivəsində ev sahibi İspaniyanın komandasını 21:0 hesabı ilə məğlub edərək yarışın ən məhsuldar komandası olub. Azərbaycan komandasının üzvü Sevda Verdiyeva isə turnir ərzində 12 qol vuraraq yarışın bombardiri adına layiq görülüb.
Qeyd edək ki, “IX Lawyers World Cup 2026” turnirində Azərbaycandan olan hakim Rahin Heybətov da iştirak edib.
Xatırladaq ki, turnirin kişilər arasında qalibi Rumıniya, qadınlar arasında isə İndoneziya komandası olub.