- 10:42
8-11 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birə təşkilatçılığı ilə EYBA-nın “Süni intellekt, məlumatlar və rəqəmsal hüquqlar: eyni tendensiya, rəqəmsal hüquqi gələcəyi formalaşdıran fərqli yanaşmalar” mövzusunda payız konfransı (“EYBA Autumn Conference 2026”) keçirilir.
E-huquq.az xəbər verir ki, oktyabrın 9-da beynəlxalq tədbirin açılış mərasimində VK və EYBA-nın rəhbərlikləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın xarici qonaq olmaqla, ümumilikdə 200-dən artıq gənc vəkil və hüquqşünas iştirak edir.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans çərçivəsində süni intellekt, məlumatların mühafizəsi və rəqəmsal hüquqlar sahəsində baş verən son yeniliklər, habelə bu istiqamətdə formalaşan müxtəlif yanaşmalar və mövcud çağırışlar müzakirə olunacaq. Bununla yanaşı, vəkillik peşəsinin inkişafı, hüquq sahəsində müasir tendensiyalar və peşənin gələcəyi ilə bağlı fikir və təcrübə mübadiləsi aparılacaq.
EYBA-nın vitse-prezidenti Federiko Kamurati açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və konfransın gənc vəkillər arasında beynəlxalq əməkdaşlığın və peşəkar əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Konfransda VK sədri Anar Bağırovun videomüraciəti nümayiş etdirilir.