"Ezamiyyə probleminin həlli vəkillərin peşə fəaliyyətinə müsbət təsir göstərəcək" - Şaiq Mirzəyev


  • 6 Avqust 2020 13:46

Xəbər verdiyimiz kimi, karantin şəraitində vəkillərin ezamiyyə problemi ilə öz həllini tapıb. Vəkillər Kollegiyasın məlumatında bildirilir ki, kollegiyanın rəhbərliyinin aidiyyəti dövlət qurumları ilə aralarında əldə olunmuş razılığına əsasən, vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin adları aid olduqları qurumların ASAN imzaları vasitəsilə “icaze.e-gov.az” portalına daxil edilməklə icazələri təmin ediləcəkdir. Fərdi vəkillərə gəldikdə isə, onlar da VÖEN-lərinin bağlı olduğu ASAN imzalar ilə “icaze.e-gov.az” portalı vasitəsilə özlərinə icazə alacaqlar. Artıq portala daxil edilmiş vəkillərin postlarda ezamiyyə vərəqləri təqdim etmələrinə ehtiyac qalmayacaq.

E-huquq.az-ın məlumatına görə, qərarı şərh edən hüquq elmləri üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü, vəkil, "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev bildirib ki, bu problemin həlli təqdiralayiqdir. Onun sözlərinə görə, artıq fərdi vəkillər ölkə ərazisində daha rahat şəkildə fəaliyyət göstərə biləcəklər:

"Bildiyiniz kimi, bu günədək vəkil qurumları “icaze.e-gov.az” portalından yalnız qurumda əmək müqaviləsi ilə işləyən şəxslər üçün icazə ala bilirdilər. Lakin günün sonunadək bütün vəkil qurumlarının və fərdi vəkillərin “icaze.e-gov.az” kabinetlərinə “vəkil” bölməsi əlavə ediləcək ki, bundan sonra portala qurumdakı vəkillərin (fərdi vəkillərin) məlumatlarını daxil edib icazə ala biləcəklər. Hesab edirəm ki, bu həm də onu göstərir ki, Vəkillər Kollegiyasının rəhbərliyi və xüsusən də Anar Bağırov vəkillərin qarşılaşdığı problemlərə həssaslıqla yanaşır və onların həlli üçün operativ addımlar atır".

Oxşar xəbərlər