Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası: "Elekton vəkil orderi" platformasının istifadəsi perspektivi müzakirə olundu


  • 19 Avqust 2020 17:49

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov iclası giriş sözü ilə açaraq Kollegiyanın cari fəaliyyəti, habelə Avqustun 3-7 tarixləri arasında Respublika üzrə bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə Qurban bayramı münasibətilə pulsuz hüquqi yardım göstərilməsi üzrə aksiya və onun nəticələri barədə məlumat verib, gələcəkdə vəkil cameəsi tərəfindən bu ənənənin davam etdirilməsinin zəruriliyini xüsusi vurğulayıb.

Sonra sədr Anar Bağırov “ProBono” vəkil bürosunun vəkili Hikmət Hüseynzadə tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə bio-dezinfeksiya qurğusu hədiyyə edilməsi və onun Rəyasət Heyətinin inzibati binasının girişində insanların istifadəsinə verilməsi barədə məlumat verərək təəssübkeşliyi və fədakarlığına görə Rəyasət Heyətinin bütün üzvləri adından vəkilə öz dərin təşəkkürün bildirib, Hikmət Hüseynzadənin təşəbbüsünun yüksək qiymətə layiq olduğunu ifadə edib.

İclasda həmçinin yaxın gələcəkdə “Elektron vəkil orderi” platformasının istifadəyə verilməsi perspektivi barədə müzakirə aparılıb və bu istiqamətdə işlərin başlanılması üzrə aidiyyəti tapşırıq verilib.

Eyni zamanda iclasda bir sıra vəkillərin qurumlar üzrə yerdəyişməsi, bəzi vəkillər barəsində intizam icraatının başlanılması, habelə sağlamlıq vəziyyətinə görə üzvlük haqqından azad edilməsi məsələləri üzrə qərarlar qəbul edilib.

Daha sonra intizam icraatı çərçivəsində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.

Oxşar xəbərlər