Bu gün Vəkillər Kollegiyasının (VK) rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri 13 saylı Vəkil Bürosunun inzibati binası ilə tanış olublar.
VK-dan e-huquq.az-a verilən məlumata görə, Kollegiya sədri Anar Bağırov və Rəyasət Heyətinin bir sıra üzvlərini büroda aparılmış təmir işləri ilə tanış edən büronun müdiri Arif Rəsulov görülən işlər barədə məlumat verib, vəkillərin fəaliyyəti üçün zəruri şəraitin təmin olunduğunu, görüş otaqlarının hazırlandığını, büronun yeni kompüter, mebel və digər avadanlıqlarla təchiz olunduğunu bildirib.
Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı əsasında dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına 13 saylı Vəkil Bürosunun sifarişinə əsasən mebellə və avadanlıqla ilə təchiz edilməsi üçün ƏDV daxil olmaqla 6000 manata yaxın vəsait sərf edilib.
A.Bağırov öz növbəsində büroda aparılan işləri yüksək qiymətləndirib, əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini vurğulayıb, bundan başqa respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üzrə aparılan tədbirlər barəsində məlumat verib.
Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.
