"Vəkillərin vəsatətlərini əsaslandırmadan rədd edən hakimlərlə bağlı ölçü götürülməsi ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərəcək"


  • 28 Oktyabr 2021 12:36

“Məhkəmə-Hüquq Şurasının vəkillərin vəsatətlərini əsaslandırmadan rədd edən hakimlərlə bağlı ölçü götürməsi ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərəcək”.

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Vüqar Babayev deyib.

O bildirib ki, ədalət mühakiməsinin səmərəliliyi çəkişmə prosesində tərəflərin bərabərliyinin təmin olunmasından asılıdır: “Bu bərabərlik hakimin hər iki tərəfin verdiyi vəsatətlərə bərabər yanaşması ilə özünü göstərməlidir. Son zamanlar bu məsələnin qaldırılmasına səbəb bir çox hallarda vəkillər tərəfindən verilən vəsatətlərin ya baxılmamamış saxlanılması, ya da çox formal bir şəkildə cavablandırılması idi. Bu da müdafiə hüququnun həyata keçirilməsinə ciddi əngəl yaradırdı".

Vəkil həm vəsatətlərin əsaslandırılmadan rədd edilməsi, həm də digər nöqsanlara görə hakimlərlə bağlı qəbul edilən qərarları müsbət qiymətləndirib. V.Babayevin fikrincə, mövcud problemlərin nəzarətə götürülməsi və bu istiqamətdə görülən tədbirlər öz töhfəsini verəcək.

"Məhkəmə-Hüquq Şurasının son iclasda qəbul etdiyi qərarlar onu göstərir ki, Şura işlərin hərtərəfli araşdırılmasının tərəfdarıdır. Sözsüz ki, vəsatətlərə baxılması və göstərilən bütün faktların dəqiq araşdırılması ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcək”, - deyə vəkil qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər